İbrahimbəyovun istefasına YAP-dan REAKSİYA

İbrahimbəyovun istefasına YAP-dan REAKSİYA
  29 Noyabr 2013    Oxunub:987
“Bununla da Rüstəm İbrahimbəyovun istifadəsi başa çatdı”
Yeni Azərbaycan Partiyası ( YAP ) Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefa verməsinə münasibət bildirib.

Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı AzVision.az-a verdiyi açıqlamada Milli Şuranın kağız üzərində yaradılan bir qurum olduğunu deyərək R.İbrahimbəyovun istefasının da qiymət verib.

“Seçkidən öncə də demişdim ki, Milli Şura ətrafında toplaşanlar Xalq Cəbhəsi və Müsavat Partiyalarının birliyini göstərən bir qurumdur. Hamıya bəllidir ki, Xalq Cəbhəsi və Müsavat siyasi səhnədə bir-birinə güzəştə getmirlər. Biri digərinin liderlərini qəbul etməyən qurumlardır və sosial dayağı da çox zəifdir. Tərəfdarları da kifayət qədər deyil. Olduqca az adam onları müdafiə edir”.

Milli Şuranı süquta uğramış hesab edən YAP nümayəndəsi quruma kimin sədrlik etməsinin əhəmiyyəti olmadığını deyib: “Rüstəm İbrahimbəyov Mili Şuraya müvəqqəti olaraq gətirilib, siyasi prosesdə istifadə olunan şəxs idi. Görünür ki, onun bu siyasi müddətdə istifadəsi başa çatdı. İndi yenə də onlar təzə bir sədr seçmək istəyirlər. Kimi gətirib, sədr seçirlər, seçsinlər fərqi yoxdur. Milli Şura süni bir qurumdur və perspektivi yoxdur.”

Milli Şuranının “ömrü” nun nə qədər olacağına gəlincə, M. Qurbanlı bildirib ki, qurum bir müddətdən sonra sıradan çıxacaq.

“Milli Şura kağız üzərində qala bilər, yalandan toplantılar da keçirə bilərlər, amma əsas odur ki, cəmiyyətdə Milli Şura deyilən quruma etimad, cəmiyyət tərəfindən dəstək, sosial dayağı yoxdur. Ona görə də onlar nə istəsələr, nə desələr yalnız özləri deyib, özləri eşidəcəklər. Mətbuat maraqlanmasa belə bir qurumun mövcudluğu haqqında hansısa bir tədbirin aparmağının tərəfdarı deyiləm. Çünki Milli Şura prespektivi olmayan, Azərbaycan siyasi prosesinə təsir etməyən , kağız üzərində qurum kimi qalacaq. Onun da nə qədər yaşayacağını deyə bilmərəm. Onu bilirəm ki, bir müddət qalıb, sonra əvvəlki müxalifətin qolları kimi sıradan çıxacaq”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti