Oqtay Əsədovla Narışkinin seçki müzakirəsi
Burada keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Parlament rəhbərləri Azərbaycanda gedən sürətli inkişafı izlədiklərini və ölkəmizin bütün sahələrdə nümunəvi ölkə imici qazandığını vurğulayaraq, 9 oktyabrda keçirilən Prezident seçkilərini yüksək qiymətləndirdilər. Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırdılar.
Noyabrın 28-də nümayəndə heyətimizin üzvləri MDB PA-nın Şura iclasında iştirak etdilər. İclasın gündəliyindəki 29 məsələdən biri - MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi idi. MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə 9 oktyabrda Azərbaycanda keçirilən Prezident seçkiləri yüksək qiymətləndirildi. Qeyd olundu ki, ölkəmizdə seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq normalarına uyğun keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda Prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçilik missiyasını obyektiv yerinə yetirdiklərinə görə bu sahədə fəaliyyət göstərən institut və təşkilatlara öz təşəkkürünü bildirdi.
Tədbirlərdə deputatlardan Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Mirkazım Kazımov, Aslan Cəfərov, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.