Korrupsiya ilə bağlı 153 iş məhkəməyə göndərildi

Korrupsiya ilə bağlı 153 iş məhkəməyə göndərildi
  29 Noyabr 2013    Oxunub:1176
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 2013-cü ilin əvvəlindən noyabrın 1-dək ümumilikdə korrupsiya cinayətləri ilə əlaqədar 290 şəxs barəsində açılmış 153 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Məlumata görə, hələ ki, Azərbaycanda korrupsiya cinayətlərinin sayında ciddi azalma müşahidə edilmir. Belə ki, 2013-cü ilin ilk 10 ayı ərzində daxil olmuş materiallar üzrə açılan cinayət işlərinin sayı ötən illərdəkindən daha çox olub.

Məhkəməyə göndərilmiş cinayət işləri əsasən rüşvət vermə (aktiv rüşvətxorluq), rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olub.

Qeyd edək ki, məhkəmələrə göndərilən cinayət işlərinin 23-ü vətəndaşlar tərəfindən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan şikayətlər əsasında açılıb.

Ümumilikdə 2013-cü ilin əvvəlindən noyabrın 1-dək 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə 5 mindən çox şikayət daxil olub. Onlardan təxminən 4300-ü təkrar olunmayan şikayətlərdir.

Daxil olan şikayətlərdən təxminən 1100-ü aidiyyəti təşkilatlarla birgə öz müsbət həllini tapıb ki, bu zaman vətəndaşların problemləri aradan qaldırılıb.(trend)


Teqlər:  





Xəbər lenti