"Qadınlar arasında işsizliyin səviyyəsi 5,9%-ə düşüb" - Komitə sədri
Sammitin əhəmiyyətinin vurğulayan komitə sədri bildirib ki, Azərbaycanda həmişə qadın hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edib, bu da təsadüfi deyil:
"Hələ 100 il bundan əvvəl Azərbaycan qadını seçib-seçilmək hüququna nail olub. Bu böyük tarixdir, və biz çox sevinirik ki, belə böyük qadın hərəkatı tariximiz var. Və bu gündə dövlətimiz qadınlar üçün bütün imkanları yaradır ki, onlar cəmiyyət həyatında aktiv iştirak etsinlər".
Onun sözlərinə görə, mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyət fonunda ötən 28 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparmış və bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilib:
"Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Görülən işlərin nəticəsində ölkə üzrə qadınlar arasında işsizliyin səviyyəsi son illər on dəfə azalaraq 5,9%-ə düşüb. Əvvəllər 4% olan qadın sahibkarlarının sayı artaraq 2019-cu ilin əvvəlinə olan məlumata əsasən 30%-i ötüb".
Komitə sədri vurğulayıb ki, ölkəmiz bütün sahələr üzrə dinamik surətlə inkişaf edir:
“Ancaq biz hələ də müharibə şəraitində yaşayan ölkəyik. Və əlbəttə ki, 1 milyondan çox qaçqın və məcburi köçkünlərin, xüsusilə də bu təbəqədən olan qadınların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, təhsil, tibb və digər xidmətlərin əlçatan olması ən vacib məsələlərdəndir. Hökumətin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımlar nəticəsində onlar evlə təmin olunublar, uşaq və tələbələtr təhsil haqqıdan azaddırlar, tibb xidmətləri göstərilən zaman onlara böyük güzətlər edilir və s. Belə bir şərait qadınlara imkan yaradır ki, onlar öz üzərində işləsin, cəmiyyətdə aktiv iştirak etsin. Azərbaycanın bu sahədə təcrübəsi oxşar problemlər yaşayan ölkələrə nümunədir”.
H.Hüseynova müsbət təcrübələrin öyrənilməsi, ölkələrarası mübadilənin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək əlavə edib ki, bu gün sahibkar qadınlarımız digər ölkələrin sahibkar qadınları ilə çox sıx əməkdaşlıq edir, ikitərəfli memorandumlar imzalayırlar.
"Bu sırada Türkiyə, Belorusiya, Rusiya, Mərakeş, Rusiya Federasiyasının Həştərxan Vilayətinin sahibkar qadınları ilə bağlanmış əməkdaşlıq sənədlərini misal göstərmək olar. Eyni zamanda, 2012-ci ildən Azərbaycan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun sədridir. Eyni zamanda qadın və qızların sosial və iqtisadi həyatda iştirakına əngəl olan səbəbləri o cümlədən, əmək bazarında qadınların məşğulluq imkanlarını təhlil etməyə davam edirik. Qadınların fəal iştirakı üzrə özəl sektor üçün tövsiyələri özündə əks etdirən ilə xüsusi hesabat hazırlanıb".
"Azərbaycanda bir sıra sənədlərdə, o cümlədən, Strateji Yol Xəritəsində və Dayanıqlı İnkişaf Məqsədlərində də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutulur. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları Komitənin BMT İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlatlarla birgə keçirdiyi layihələrin mühüm əhəmiyyəti vardır. Və bu əməkdaşlıq çərçivəsində bölgələrdə fəaliyyət göstərən 8 Qadın Resurs Mərkəzləri təkcə qadın sahibkarlarlığının inkişafına kömək etmir, eyni zamanda, qadının cəmiyyətdə nüfuzunun artmasına təkan verir.
Bu gün vacib məsələlərdən biri də, kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda daha fəal iştirak etməsidir. Ölkəmizdə əhalinin dörddə birini təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Komitənin BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi nəticəsində bu gün kənd qadınları çox aktivdirlər. Eyni zamanda,11 regionda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərimiz də bu sahədə qadınlara xüsusi təlimlər keçirilir. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapması üçün Xüsusi İş və Əmək Yarmarkaları reallaşdırılır. Qeyd etmək istərdim ki, yeni yaradılmış Azərbaycan Kənd Qadınları Assosiasiyası qadınların regional və ölkə səviyyəsində şəbəkələşməsi prosesinə öz mühüm töhfəsini verir. Həmçinin Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. Regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən qadınların, gənc xanımların və eləcə də məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək vermək üçün “AMAL” (Aqrar Məşğulluğun Artırılması Layihəsi) və “AFAQ” (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi) layihələri fəaliyyət göstərir. Respublikada “Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” və “Kəndli Qadınlar Assosiasiyası” yaradılmışdır. Bu da qadın sahibkarlığı sahəsində şəbəkələrin qurulmasında mühüm rol oynayır",-deyə komitə sədri vurğulayıb.
Azvision.az
Teqlər: HicranHüseynova AQUPDK