“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans keçirilib
  16 İyul 2019    Oxunub:1877
İyulun 16-da Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib.
BDU-dan Azvision.az -a verilən məlumata görə, rektor Elçin Babayev son illərdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu il 100 yaşı tamam olan universitetin fəaliyyəti barədə məlumat verib. Təlim-konfransın media ilə təhsil dialoqu baxımından mühüm əhəmiyyətini qeyd edən Elçin Babayev bildirib ki, təlimin əsas məqsədi ali təhsil müəssisələri ilə media qurumlarının əlaqələrinin daha da yaxşılaşdırılması, mətbuat xidməti rəhbərlərinin bu sahədə bacarıq və peşəkarlıqlarının artırılmasıdır.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulmuş müsabiqə haqqında məlumat verən rektor ali təhsil müəssisələrinin mətbuat katiblərini də həmin müsabiqədə iştirak etməyə çağırıb və media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Təhsil nazirinin müşaviri Elnur Məmmədov ali təhsil müəssisələrində PR işinin təşkilinin əsas məqsədlərini sadalayıb, təhsilin mediada düzgün və geniş şəkildə işıqlandırılmasının əhəmiyyətindən bəhs edib. Cəmiyyətdə təhsilin mühüm rolunu vurğulayan Təhsil nazirinin müşaviri media ilə təhsil müəssisələri arasındakı əlaqələrlə bağlı fikirlərini bildirib, nazirliyin hər zaman belə tədbirlərin keçirilməsinə önəm verdiyini əlavə edib.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun moderatorluğu ilə davam edən konfransda BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “PR: strukturun və media ilə işin düzgün qurulması… Hədəf auditoriyası kimdir?”, “Alibayov” kommunikasiya və konsaltinq şirkətinin baş direktoru Vəli Əlibəyov isə “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətinin strategiya və taktikası” mövzusunda təqdimatla çıxış ediblər. Bildirilib ki, müəssisənin daxili PR-nın təşkili, KİV və sosial mediada monitorinqin aparılması, kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində beynəlxalq təcrübənin tətbiqi vacib məsələlərdəndir.

Təlim-konfrans mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.

Azvision.az



Teqlər: BDU  





Xəbər lenti