Bakıda beynəlxalq QHT forumu keçirilir

Bakıda beynəlxalq QHT forumu keçirilir
  01 Dekabr 2013    Oxunub:1065
Bakıda qeyri-maddi mədəni irsin qorunmasına həsr olunmuş ilk beynəlxalq QHT forumu keçirilir.
Xəbər verdiyimiz kimi, dekabrın 2-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcək.

Sessiya çərçivəsində dekabrın 1-də “JW Marriott Absheron” hotelində qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT forumu təşkil olunub. Forumda 150-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı, eləcə də “Azərbaycan Xalçaçıları” və “Musiqi Dünyası” ictimai birliklərinin nümayəndələri iştirak edirlər.

Forum qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının rolunun aktivləşdirilməsi və onların beynəlxalq əməkdaşlığa töhfə verməsi baxımından böyük əhəmiyyətə malikdir.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə 2003-cü il Konvensiyasının katibliyindən Elena Drobna tədbir iştirakçılarını salamlayaraq sabahdan etibarən Bakıda keçiriləcək UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının əhəmiyyətindən, burada qəbul ediləcək qərarların vacibliyindən danışıb.

“Traditions pour Demain” QHT-nin Forum üzrə nümayəndəsi Dieqo Qradis müvafiq məsələlərin müzakirəsində qeyri-hökumət təşkilatlarının iştirakının vacibliyindən söhbət açıb, onların fəallıq göstərəcəyinə əminliyini ifadə edib.

Qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT Forumunda bir sıra təqdimatlar olacaq, tədbirə interaktiv qoşulmaq imkanı yaradılacaq.


Teqlər:





Xəbər lenti