EYOF-un ikinci günü: Güləşçilərimiz 6 medal qazanıb

  22 İyul 2019    Oxunub : 865
 EYOF-un ikinci günü: Güləşçilərimiz 6 medal qazanıb
Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.
Azvision.az xəbər verir ki, ikinci yarış günündə 7 çəkidə (4 oğlan, 3 qız) mübarizə baş tutub.
Mircavad Nəbiyev Rusiya yığmasının üzvüylə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. Rəqib finala yüksəldiyi üçün Nəbiyev mübarizəni təsəlliverici görüşlə davam etdirib və türk həmkarına ilk hissədə qalib gəlib. İsveçrə idmançısına da şans tanımayan Mircavad bürünc medalın sahibi olub.

Sabir Cəfərov ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib. Bolqar rəqibini də məyus edən Sabir finala yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə yenilən həmyerlimizin qazancı gümüş medal olub.

Qurban Qurbanov da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib. Belarus idmançısını da devirən Qurbanov finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada gürcüstanlı rəqibini də məğlub edən Qurban EYOF-un qalibi olub.
Həsrət Cəfərov əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib. Belarus və İtaliyadan olan rəqiblərinə də qalib gələn Cəfərov finala yüksəlib. Rusiya pəhləvanına da gücünü göstərən həmyerlimiz baş mükafata yiyələnib.
Gültəkin Şirinova 1/8 finalda Finlandiya təmsilçisini üstələyib. Həmyerlimiz Belarus idmançısını da devirərək adını yarımfinala yazdırıb. İtaliyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Şirinova finala çıxan növbəti təmsilçimiz olub. Ancaq son görüşdə rumıniyalı rəqibinə uduzan Gültəkin gümüş medalla kifayətlənib.
Lalə Mirzəyeva debütdə Moldova güləşçisiylə bacarmayıb.

Mərziyə Sadıqova ilk görüşdə Ukrayna idmançısından güclü olub. Daha sonra Rusiya güləşçisiylə gərgin mübarizədən qalib ayrılan Mərziyə yarımfinala yüksəlib. Türkiyədən olan rəqibi üzərindəki minimalhesablı qələbə Sadıqovanı finala daşıyıb. Həlledici qarşılaşmada İtaliya güləşçisinə məğlub olan Mərziyə ikinci yeri tutub.

Azvision.az

Teqlər: