Son gündə güləşçilərimizdən 4 qızıl medal

  23 İyul 2019    Oxunub : 1325
Son gündə güləşçilərimizdən 4 qızıl medal
Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatıb.
Azvision.az xəbər verir ki, yarışın üçüncü günündə son 7 çəki üzrə mübarizə baş tutub. Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib. bDaha sonra Finlandiya idmançısına heç bir şans tanımayan Kənan yarımfinala yüksəlib. Yunan güləşçini də vaxtından əvvəl yenən Heybətov finala çıxıb. Finalda Rusiya güləşçisiylə ağır qarşılaşmadan da qalib ayrılan həmyerlimiz ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Cəbrayıl Hacıyev ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Cəbrayıl yarımfinalda İsveçrə idmançısına da güzəştə getməyib. Finalda Rusiya pəhləvanıyla gərgin keçən görüşün son saniyələrində hesabda önə keçən Hacıyev çempionluq sevinci yaşayıb.

Elmir Əliyev ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda gürcü rəqibini "tuşe" ilə devirən həmyerlimiz adını finala yazdırıb. Həlledici görüşdə Ukrayna təmsilçisinə də gücünü göstərən Əliyev çempion olub.

Xasay Həsənli ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsənli finala yüksəlib. Həlledici qarşılaşma dramatik keçib. Son saniyələrdə rəqibi əks-fənddə yaxalayan Xasay fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Birgül Soltanova startda Rusiya güləşçisinə uduzub. Elnurə Məmmədova gərgin keçən qarşılaşmada macar rəqibindən üstün olub. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb. Ancaq son görüşdə Rusiya təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Nigar Mirzəzadə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiyə rahat qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Son görüşdə polşalı rəqibi üzərində əzmkar qələbəyə sevinən Mirzəzadə bürünc medalın sahibi olub.

Beləliklə, yarışda iştirak edən 18 güləşçimizdən 16-sı fəxri kürsüyə qalxıb. Pəhləvanlarımız ölkəmizin hesabına 8 qızıl, 5 gümüş və 3 bürünc medal yazıb.

Azvision.az

Teqlər: EYOF   Güləş