Diaspor Komitəsi Ukrayna hadisələrini pislədi
N.İbrahimov bildirib ki, Ukraynada milli zəmində münaqişələrin baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil: "Biz orada baş verən prosesləri milli zəmində hər hansı münaqişə səviyyəsində qaldırmaq cəhdlərini pisləmişik. Hesab edirəm ki, mətbuat orqanları da bizim bu fikrimizi qəbul ediblər və artıq öz səhifələrində bu məsələyə dəqiq, qərəzsiz, düzgün münasibət bəsləməyə başlayıblar. Bu da gələcəkdə həmin azərbaycanlıların həqiqətən də müəyyən problemlərlə üzləşməməsinə gətirib çıxaracaq".
Komitə sədrinin sözlərinə görə, hər hansı azərbaycanlı ilə bağlı baş vermiş hadisəni milli zəmində hadisə kimi qələmə vermək düzgün deyil: "Biz belə gündəlik məlumatları verməklə orada yaşayan azərbaycanlıların vəziyyətini daha ağırlaşdırmış oluruq. Rusiyada təkcə azərbaycanlılarla deyil, ümumiyyətlə digər ölkələrdən gəlmiş miqrantlarla əlaqədar baş verən proseslərə öz fikrimizi bildirmişik. Güman edirəm ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq və hər şey yerində oturacaq. Hər hansı ölkənin miqrantlarla bağlı gedən prosesləri qanuniləşdirmək və yaxud bu prosesdə qayda-qanun yaratmaq istəyi normaldır. Bizim əsas vəzifəmiz isə orada yaşayan azərbaycanlıların bu prosesdən daha ağrısız çıxmağını təmin etmək, onların hüquqlarını qorumaqdır".