Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, hazırda muzeydə 15 mindən artıq nadir eksponatdan ibarət kolleksiya mühafizə olunur. Muzeyin qızıl fondunu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyalar ilə 7 əsas Azərbaycan xalçaçılıq məktəbini təmsil edir. Bundan başqa, muzeyin ekspozisiyasına xovsuz xalçalar, zərgərlik və metal məmulatları, bədii tikmələr, parçalar, milli geyimlər və s. aiddir.
Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar – xalçalar qövsşəkilli divarlardan asılır, onların da əksi bütün yuxarı mərtəbələrdən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan izləmək mümkündür.
Beşmərtəbəli binada iş otaqları, avtomatlaşdırılmış fond saxlancı, bərpa emalatxanaları, suvenir mağazası, ziyarətçilərlə iş şöbəsi, sərgi sahəsi, 120 nəfərlik kafe, təqdimatlar və mühazirələr üçün zallar, interaktiv məlumat sistemi, video və audiotəqdimatlar üçün auditorium və s. var.