“Yanukoviç Putindən üz döndərməli olacaq” - ŞƏRH

“Yanukoviç Putindən üz döndərməli olacaq” - ŞƏRH
  02 Dekabr 2013    Oxunub:1333
“Əgər Yanukoviç xalqa qarşı güc tətbiq etsə bu, onun sonuna gətirib çıxaracaq”.
Bu fikirləri politoloq Qabil Hüseynli son günlər Ukraynada baş verən hadisələri AzVision.az-a şərh edərkən bildirib.

Ekspertin fikrincə, hadisələrin kökündə Rusiya amili dayanır.

“Yanukoviç güc variantına istinad etsə və ümumiyyətlə əhalinin tələblərini qulaq ardına vursa, bu, hətta istefasına gətirib çıxara bilər. Hesab edirəm ki, çıxılmaz vəziyyətdə qalan Yanukoviç Avropa Birliyi ilə assosiativ üzvlük sazişinə qol çəkəcək və Rusiya ilə yaxınlaşmayacaq. Əks təqdirdə, hadisələrin inkişafı qanlı qarşıdurmalara aparıb çıxara bilər”-deyə politoloq bildirib.

Q.Hüseynli hesab edir ki, indiki şəraitdə hadisələrin başqa inkişaf yolunu təsəvvür etmək mümkün deyil.

“Hökümət nə qədər polisin gücündən, xüsusi seçmə dəstələrinin gücündən istifadə etsə də, bu hadisələrin daha da inkişaf etməsinə və daha qəzəbli forma almasına gətirib çıxarır. Çünki, bu gün Ukrayna, təkcə Ukrayna xalqının diqqət mərkəzində deyil, mən deyərdim ki, aparıcı dünya dövlətlərinin də diqqət mərkəzindədir. Bu nöqteyi-nəzərdən Azərbaycanı misal götürmək olar”.

Politoloqun fikirncə, Ukraynada baş verən bu hadisələr regional proseslərə əks-səda verə bilər. Amma, bunu mütləq qaydada söyləmək çətindir.

“Çünki elə ölkələr var ki, orda əhalinin vəziyyəti yaxşıdır və bu səbəbdən də əhalinin hər hansı bir alyansa qoşulması üçün ciddi səyləri gözə dəymir. Bu nöqteyi-nəzərdən Azərbaycanı misal götürmək olar. Azərbaycan Avropa Birliyi ilə təzəcə yaxınlaşmaq strategiyasını həyata keçirir, viza gediş-gəlişinin sadələşdirilməsi barədə sazişi imzaladı və bu Azərbaycan üçün daha çox lazımlı olan sazişlərdən biri idi. Regionda digər ölkələrdən Moldova, Gürcüstan da bu sazişə imza atdı. Ermənistan isə Rusiyanın bir quberniyası kimidi və orada etirazlar var, amma çox zəif və sönük etirazlardır.

Yəni, regionda güclü assosiasiya doğurub özünəbənzər hərəkatları yarada biləcəyi haqqında birmənalı pozitiv proqnoz söyləmək mümkün deyil”.

Mirvari Nəcəfova


Teqlər:  





Xəbər lenti