Ədliyyə Naziri BMT-nin Korrupsiyaya qarşı sessiyasında

Ədliyyə Naziri BMT-nin Korrupsiyaya qarşı sessiyasında
  03 Dekabr 2013    Oxunub:1007
Panamada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 5-ci sessiyası keçirilib
AzVision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Panamada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 5-ci sessiyası keçirilib.

Konvensiyaya qoşulan 130-dan çox ölkədən, həmçinin beynəlxalq və qeyri-hökumət təşkilatlarından 1540 nümayəndənin iştirak etdiyi konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun başçılığı ilə rəsmi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Milli Məclisin deputatı, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Bəxtiyar Əliyev, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Ədliyyə Nazirliyinin məsul şəxsləri daxil olub.

Sessiyada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının implementasiyası, preventiv tədbirlər, hüquq mühafizə orqanlarının fəaliyyəti, tədris, cinayət yolu ilə əldə olunan gəlirlərin qaytarılması, beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər müzakirə edilib.

Tədbirin açılışında Panama Respublikasının Prezidenti Rikardo Martinelli, BMT baş katibinin müavini, Vyana Ofisinin rəhbəri Yuri Fedotov, Panamanın antikorrupsiya qurumunun rəhbəri xanım Abiqeyl Benzadon Kohen çıxışlar ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Məmmədov Konfransın ilk sessiyasında çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı aparılan sərt mübarizə, o cümlədən institusional və qanunvericilik tədbirləri, Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planlarının həyata keçirilməsi, elektron, innovativ və şəffaf xidmətlərin dairəsinin genişləndirilməsi barədə məlumat verib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış və respublikamızın brendi sayılan “ASAN xidmət” haqqında söhbət açan nazir Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin səmərəsinin artırıldığını vurğulayıb.

Nazir, həmçinin antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığa toxunaraq əsas məqsədi BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının implementasiyasına dəstək vermək olan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti kimi, bu qurumun həmin ərəfədə Panamada qanunun aliliyi və korrupsiya ilə mübarizə mövzusuna həsr olunmuş illik konfransı barədə məlumat verib. F.Məmmədov dövlətimizin Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə xüsusi qanunla qoşularaq onun tamhüquqlu üzvü olduğunu vurğulayıb.

Tədbirin sonunda Konvensiyaya üzv dövlətlər tərəfindən gündəlikdə duran məsələlərə dair müvafiq sənədlər qəbul edilib, konfransın növbəti sessiyasının 2015-ci ildə Rusiyada keçirilməsi qərara alınıb.

Konfrans çərçivəsində ölkəmizin nümayəndə heyəti bir sıra ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirib.


Teqlər:  





Xəbər lenti