Bakıda Taxt-tac günü qeyd olundu

Bakıda Taxt-tac günü qeyd olundu
  31 İyul 2019    Oxunub:2518
Mərakeşin milli bayramı olan Taxt-Tac Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub. Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azvision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan səfir Məhəmməd Adil Embarş ölkəsinin əldə etdiyi naliyyətlərdən və ölkə iqtisadiyyatının modernləşməsindən bəhs edib:

“Kral VI Məhəmmədin hakimiyyətdə olduğu 20 il ərzində bir sıra məsələlər, həmçinin yoxsulluğa qarşı mübarizə ölkənin milli prioritetlərinə çevrilib və bütün milli sərvətlər bu istiqamətə yönəldilib. Bunun da nəticəsi olaraq, Mərakeş regionda müxtəlif sahələrdə, o cümlədən kommunikasiya və nəqliyyat infrastrukturunun inşası, avtomobil istehsalı, aerokosmik sənaye sahələrində böyük uğurlar əldə edib. Bu sahələrin genişləndirilməsi və yenilənməsi sayəsində ölkə əsas regional logistika mərkəzlərindən birinə çevrilməkdədir”.

Səfiri Məhəmməd Adil Embarş Mərakeş və Azərbaycan arasında münasibətlərin inkişaf etdiyini qeyd edərək, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin yüksəldiyini vurğulayıb. Bundan əlavə, diplomat Saxara məsələsində konstruktiv mövqe nümayiş etdirdiyinə və Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana öz təşəkkürünü ifadə edib.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan höküməti adından Mərakeş xalqını milli bayram münasibətilə təbrik edib və Azərbaycanın Mərakeş krallığı ilə əlaqələri inkişaf etdirməyə xüsusi önəm verdiyini vurğulayıb:

“Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Mərakeşin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilir”.

Nazir müavini, həmçinin ötən ilin mart ayında Bakıda Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. Belə ki, indiyə qədər Mərakeş və Azərbaycan arasında müxtəlif sektorları əhatə edən 23 sənədə imza atılıb.

Günel İbrahimova
Azvision.az


Teqlər: Mərakeş  





Xəbər lenti