Daha iki güləşçimiz çempionluğun bir addımlığında

Daha iki güləşçimiz çempionluğun bir addımlığında
  04 Avqust 2019    Oxunub:1517
Güləşçilərimiz Elmir Əliyev və Laçın Vəliyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının finalına yüksəliblər.
Azvision.az xəbər verir ki, yarışın altıncı günündə son beş yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

İdmançımız Elmir Əliyev (51 kq) ilk mərhələdə argentinalı rəqibini vaxtından əvvəl məğlub edib. Pəhləvanımızın qarşısında misirli idmançı da duruş gətirməyib. E.Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Ukraynalı güləşçinin də kürəyini yerə vuran həmyerlimiz həlledici görüşə çıxmaq hüququ əldə edib.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Laçın Vəliyev (92 kq) İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən L.Vəliyev adını yarımfinala yazdırıb. İdmançımız yarımfinalda Türkiyə təmsilçisini məğlub edərək finala adlayan dördüncü yunan-Roma güləşçimiz olub.

Fərid Sadıxlı (48 kq) təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin o, səkkizdəbir finalda qazaxıstanlı güləşçi ilə bacarmayıb. Rəqib finala çıxdığı üçün F.Sadıxlı təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Digər idmançımız Rauf Əliyev (71 kq) Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunanıstanlı güləşçi ilə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək dörddəbir finala adlayıb. Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün R.Əliyev də təsəlliverici görüşdə iştirak etmək imkanı qazanıb.

Həsrət Cəfərov (60 kq) debütdə qazax həmkarını üstələyib. Ancaq növbəti mərhələdə iranlı pəhləvana məğlub olaraq yarışda mübarizəni dayandırıb.

Qeyd edək ki, təsəlliverici və medal görüşləri avqustun 4-də keçiriləcək. Təsəlliverici qarşılaşmalar Bakı vaxtı ilə saat 17:00-da, həlledici görüşlər isə 19:00-da başlayacaq.

Azvision.az


Teqlər: Güləş   Dünya-Çempionatı   Final  





Xəbər lenti