Azərbaycan – Tatarıstan energetika əməkdaşlığı

Azərbaycan – Tatarıstan energetika əməkdaşlığı
  03 Dekabr 2013    Oxunub:1397
Azərbaycan və Tatarıstan arasında energetika sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Rusiya Federasiyası Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə hər iki ölkənin inkişaf etmiş neft-qaz sənayesinə malik olduğunu qeyd edən ARDNŞ-nin prezidenti Azərbaycanın yeni neft strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri barədə ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından ölkəmizin önəmli rol oynamasından söz açıb, qısa müddətdə Avropaya enerji dəhlizi açıldığını qeyd edib.

Tatarıstanın sənaye və ticarət naziri R.Zaripov ölkəsinin neft-qaz sənayesinin yaradılmasında və sonrakı inkişafında Azərbaycan mütəxəssislərinin rolunu yüksək qiymətləndirib, son illər bu sektorda aparılmış islahatlardan ətraflı bəhs edib. Tatarıstan iqtisadiyyatında neft-qaz sənayesinin mühüm yer tutduğunu bildirən qonaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müxtəlif idarə və müəssisələri ilə tarixən mövcud olmuş dərin əməkdaşlıq əlaqələrinin bərpa edilməsində maraqlı olduqlarını söyləyib. O, nümayəndə heyətini R.Abdullayevə təqdim edib.

"Tatneftkimyainvestisiya" Holdinqinin baş direktorunun müavini Haris Mustafin Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti, eləcə də ARDNŞ ilə mümkün əməkdaşlıq perspektivləri haqqında geniş təqdimatla çıxış edib.

Azərbaycanla Tatarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlar olduğunu vurğulayan ARDNŞ-nin prezidenti R.Abdullayev Şirkətin "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, Türkiyədəki "STAR" neft emalı zavodu, Sumqayıt Kimya Texnoparkı və digər iritutumlu layihələr həyata keçirdiyini bildirib, neft-qaz hasilatının artırılması istiqamətində icra olunan proqramlardan söz açıb. Azərbaycanda əlverişli investisya mühitinin yaradıldığını, ölkəmizin iqtisadi cəhətdən xarici şirkətlər üçün açıq olduğunu vurğulayan R.Abdullayev Tatarıstan şirkətləri ilə səmərəli əməkdaşlıq üçün hər bir şəraitin olduğunu bildirib.


Teqlər:





Xəbər lenti