İnsaniyyət ekologiyasını təmiz saxlayaq – Murad Köhnəqalanın yazısı

   İnsaniyyət ekologiyasını təmiz saxlayaq –    Murad Köhnəqalanın yazısı
  16 Avqust 2019    Oxunub:4520
Uşaq idim, neçə yaşda olduğum dəqiq yadımda deyil. Bağımızın baş tərəfində axan çayın sahili boyu bir neçə söyüd ağacımız vardı, yaz gələn kimi tezcə yaşıllaşırdı. Orta məktəb illərində dərslərimi həmin çayın qırağında oxuyar, ev tapşırıqlarını iydə ağacımızın altındakı yaşıl otların üstünə uzanıb yazmağı sevirdim.
Yenə kitab oxuyub şeir əzbərləməyə çıxdığım günlərdən biri idi. Atam evimiz tərəfdən qayğısız-qayğısız bağın bu tərəfinə, mənə sarı gəlirdi. Bu zaman qarşımda belə bir mənzərə yarandı. Ağ rəngli, qoşabuynuzlu qaragöz bir inək söyüd ağacına yaxınlaşıb, ağzını yaşıl budaqlara tərəf uzatdı. Ancaq nə qədər çalışsa da, ağacın yaşılından dada bilmirdi. İnəyin yalnız irəliyə uzatdığı dili hərdən söyüdün meh tərpədən yarpağına dəyirdi. Fınxıraraq boynunu davamlı şəkildə maksimum irəli düzləndirsə də, dilinə bir şey keçmir, yalnız ağzından su axıda bilirdi. Bu zaman atam özünü çatdıraraq, iri budaqlardan birini əyib, inəyin arzusunu yerinə yetirdi. İnək yaşıl söyüd yarpağından nüvgər etdikdən sonra oradan aralandı.

Gördüyüm həmin mənzərə məni çox mütəəssir etmişdi. Heyvanı anlayaraq, onu arzusuna çatdırması, budağı səbrlə tutub, inəyin könlünü xoş etməsi atamı gözlərimin qarşısındaca dəyişdi, həmin gündən onu daha çox sevməyə başladım. Bu, insan xeyirxahlığının anladığım və yadımda qalmış ilk mənzərəsi idi.

Həmin mənzərədən ölümünə qədər atamın çoxlu sayda xeyirxahlıqlarının şahidi olmuşam. Lakin dərs oxuyan uşağın yaddaşından o gözəl inək, yaşıl söyüd və xeyirxah ata indiyə qədər silinməyib. Atamın o jesti ömrüm boyu məni təqib etdi və həyat fəlsəfəmin, yaşam tərzimin qısa teoreminə çevrildi.

Bütün gəncliyim dava-dalaşlarda keçib, döyülmüşəm, döymüşəm, öc almışam, aldanmışam, aldatmışam. Ancaq heç vaxt heyvana əl qaldırmamışam, qarışqanı, hörümçəyi öldürməmişəm. Hörümçəyə mərhəmət isə atamın anasından – nənəmdən keçib mənə. Nənəm hörümçəyi heç vaxt öldürməzdi, qolunun üstünə yeridib çölə, ağaca buraxırdı. Mən də eləyəm, evdə hörümçək görəndə əlimin üstünə yeridib yarpaq üstünə buraxıram. Ayrı cür eləyə bilmirəm, çünki bu düşüncə mənə nənəmdən irsən keçib.

Bax belə. Söylə görüm, bu ürəklə məndən adam olarmı?

Yaxınlarda başıma belə bir iş gəldi. Səhər-səhər aparatda sonuncu rəqəmi 1 əvəzinə 4 yığıb 5 manat yükləmişəm telefona. Biraz gözlədim, gördüm səsi gəlmədi. Kağızına baxdım ki, səhv yığmışammış. Təzədən özümə bir 5 manat da yükləyib zəng elədim həmin nömrəyə, cavan oğlan səsi gəldi. Dedim, qağa, telefonuna səhvən pul yüklədim, halal xoşun olsun. Dedi, indi eləyə bilməyəcəm, üstümdə pulum azdı, həm də yaxında aparat yoxdu, gün ərzində qaytararam sizə. Dedim, narahat olma, halal eləyirəm. Aradan yarım saat keçmişdi, baxdım ki, 5 manat yükləyib telefonuma. Puldan çox insanın dürüstlüyünə sevindim. Götürüb SMS-lə təşəkkür elədim üzünü görmədiyim həmin adama. Hiss olunurdu ki, vicdanlı adamdı, üstündə pulu olmasa da, məndən ötrü narahat olub, tezcə pul tapıb göndərib.

Bu əhvalatı feysbukda status kimi yazıb qoydum. Rəy yazan dostlar sevinirdilər ki, nə yaxşı vicdanlı adamlarımız var. Dürüst bir adamın jesti hamımızı təsirləndirdi. Cəmiyyətdə belə insanlar nə qədər çox olsa, insanlar o qədər ümidli yaşayar. İtən əşyaları geri qaytarmaq, pilləkanla qalxan qocanın yükünə kömək eləmək, soruşana düzgünü izah eləmək kimi təmənnasız hərəkətlər insanlara yaxşı təsir edir, cəmiyyəti sağlamlaşdırır.

Məsələn, Gürcüstanda kasıblara pulsuz yemək verən kafelərin sayı altmışdan çoxdu. Xalqının qeydinə qalan iş adamları beyinlərində belə xeyirxah işlərin planlarını hazırlayıb ortaya çıxartsaydılar, sosial gərginliklər xeyli aradan qalxardı. Hər bir ölkənin həm bacarıqlı, həm bacarıqsız, həm kimsəsiz, həm anlaqsız adamları gündəlik qida probleminə görə dərd çəkməməlidi. Bu ölkədə doğulmusansa, bu ölkənin vətəndaşısansa sənin ac qalmağın ölkə üçün başucalığı olmaz.

Qəlbinizi gözəl halda saxlayın, gözəl qəlbli insanlardan muğayət olun. Nə qədər yaxşı insanlar yaşayacaq, insaniyyətin ekologiyası o qədər təmiz olacaq.



Teqlər:





Xəbər lenti