Şuşaya böyük köç başlayır - Şəhər sakini sevincini bölüşdü

 Şuşaya böyük köç başlayır -  Şəhər sakini sevincini bölüşdü
  02 May 2024    Oxunub:1483
Şuşaya köçlə əlaqədar ilk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq sahəsində işləyən 20 ailə arasında keçirilib. Onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır. Püşkatmada iştirak etmiş ailələr Şuşa şəhərinə mayın 8-də yola salınacaq.
Şuşaya ilk köçə hazırlaşanlardan biri də İsgəndərovlar ailəsidir. Ailənin başçısı İsmayıl İsgəndərov vaxtilə Şuşada polis işləyib. Erməni hücumları zamanı doğma şəhərinin müdafiəsində iştirak edib və sonuncu günə kimi döyüşüb.

- 10-cu sinifə qədər Ağdamın Şelli kəndində yaşamışam. Daha sonra Şuşaya köçmüşəm və həyatımı ora bağlamışam. Şuşada evlənmişəm, övladlarım dünyaya gəlib. Orada iki evim var idi. Biri şəhərin birinci katibi Gözəlovun yaşadığı binada idi. Digəri isə bazarın yanında, Sultan bəy küçəsinə yerləşirdi.

Hərbi xidmətə Şuşadan yollanmışam. Qayıdandan sonra Şuşa həbsxanasında çalışdım. 1989-cu ildə isə Şuşa rayon Polis Şöbəsində sahə müvəkkili oldum.

Müharibə vaxtı postda keşik çəkirdik. Mən Laçın-Şuşa yolunda dayanırdım. Tapşırıq verilmişdi ki, Şuşadan bir silah belə çıxmasın. İşğal gününə qədər biz döyüşdük. Sonuncu gün hətta Şuşa həbsxanasının rəisi Aydın Abbasov həbsxanaın qapılarını açıb məhbusları buraxdı. Həmin məhbuslar döyüşə-döyüşə Şuşadan çıxdılar. Bəziləri şəhid oldu.

Şuşa alınandan sonra polis yoldaşlarım Soltan və Rəhamanla birgə bacım da daxil olmaqla 15 qadını Laçın -Şuşa yolundan keçirib Laçına yolladım.

Özümüz hava qaralanda dağ yolu ilə Ağdamın Şelli kəndinə gəldik. Qaynım ailəmi öncədən helikopterlə yola salmışdı.

Həmsöhbətimiz bildirir ki, Şuşadan çıxanda 37 yaşı olub. İndi 69 yaşında doğma şəhərinə qayıdır.

- Cavanlığımı Şuşada qoyub gəldim. Azad ediləndən sonra oraya 3 dəfə getmişəm. Evimin birinə qrad düşdüyü üçün dağılıb. Ancaq həyətimdəki meyvə ağacı bar verib. Şuşaya gedəndə ailəmlə meyvəsindən dərib yedik. Qəribə hiss idi...

Oğlum hazırda Şuşada Fövqaladə Hallar Nazirliyinin əməkdaşıdır. Ondan başqa 5 qızım var. Hamımız ailəlikcə evimizə qayıdacağıq".







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti