K. Pinçer: Azərbaycan Qərb üçün əsaslı biznes partnyordur

K. Pinçer: Azərbaycan Qərb üçün əsaslı biznes partnyordur
  05 Dekabr 2013    Oxunub:1340
Avropa Azərbaycan Cəmiyyəti 5 yaşını qeyd etdi.

Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təsis edilməsinin 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rəsmi şəxslər ictimaiyyətin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri də daxil olmaqla 300-dən artıq qonaq iştirak edib.

AAC-ın sədri Taleh Heydərov Azərbaycanın tarixinə nəzər salaraq, 1918-ci ildə Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayaraq ölkəmizin əldə etdiyi uğurlardan danışıb. Azərbaycanın müasir dövrdəki beynəlxalq uğurlarına toxunan T.Heydərov 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ni nümunə olaraq qeyd edib.

Sonra rəhbəri olduğu qurumun fəaliyyəti haqqında məlumat verən T.Heydərov, AAC-ın 6 ölkədə ofisinin olduğunu bildirib. Ölkəmizin mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etmək, xarici sərmayəçilərin Azərbaycana investisiyalarını artırmağa və ticarət əlaqələrini genişləndirməyə həvəsləndirmək AAC-ın ən böyük məqsədlərindəndir.

T.Heydərov çıxışında vurğulayıb ki, Qərb dünyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu unutmamalı, münaqişənin tez bir zamanda beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq diplomatik həlli istiqamətində əllərindən gələni əsirgəməməlidir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov AAC-ın ölkəmizin Birləşmiş Krallıqda və ümumiyyətlə Avropada təbliğatında əhəmiyyətli rol oynadığını vurğuladı. Səfir qeyd etdi ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlər genişlənməkdə davam edir və AAC-ın bu prosesə verdiyi töhfələr təqdirəlayiqdir. AAC-ın səfirliklə birgə bir çox layihələrdə uğurla iştirak etdiyini diqqətə çatdıran F.Qurbanov, hökumətlə yanaşı qeyri-hökumət təşkilatlarının da ölkəmizin təbliği prosesində iştirak etməsinin vacib olduğunu bildirib.

F.Qurbanov AAC-ın gələcəkdə də ölkəmizin mədəniyyətini, tarixini, turizmini, həqiqətlərini və onun həyat tərzinin təbliğatı işində əvəzsiz rol oynayacağından əminliyini ifadə edib.

Böyük Britaniya Parlamenti İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. K.Pinçer məsələnin sülh yolu ilə həllini tapacağına ümidvar olduğunu diqqətə çatdırıb. Azərbaycanın dünyəvi və tolerant ölkə olduğu strateji cəhətdən əlverişli coğrafi mövqedə yerləşdiyi bildirib. “Şahdəniz” yatağından danışan K.Pinçer, Azərbaycanın Qərb şirkətləri üçüm əhəmiyyətli biznes imkanlarına malik olduğunu vurğuladı.

AAC-ın fəaliyyətindən də bəhs edən parlament təmsilçisi, Cəmiyyətin uğurlarının gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Sonra, AAC-ın fəaliyyətindən bəhs edən qısa film nümayiş etdirildi.

Tədbir azərbaycanlı skripkaçı Səbinə Rakçayeva və “Deko” ansamblının birgə ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə başa çatıb.


Teqlər:





Xəbər lenti