Deputat İran səfirini həbsxanaya görüşə ÇAĞIRDI

Deputat İran səfirini həbsxanaya görüşə ÇAĞIRDI
  05 Dekabr 2013    Oxunub:1198
Son günlər İran tərəfi Azərbaycanda həbsdə olan bu ölkə vətəndaşlarının təzyiqlərə məruz qalması haqda müxtəlif iddialar səsləndirir. Ötən gün İranın Bakıdakı səfirliyi də Bəhram Feyzin adlı İran vətəndaşının saxlanma şəraitindən şikayət edərək onun həbsxanada aclıq aksiyasında başladığını bəyan etdi.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, millət vəkili Çingiz Qənizadə rəsmi Tehranın bu iddialarının yalnış olduğunu düşünür.

AzVision.az-a açıqlamasında deputat ölkəmizdə həbsdə olan əcnəbi vətəndaşların, o cümlədən İran İslam Respublikası vətəndaşlarının heç bir təzyiqə məruz qalmadığını, aparılan monitorinqlər zamanı onların saxlanma şəraitinin normalara uyğun olduğunu bildirib.

“Əcnəbilərlə Azərbaycan vətəndaşları arasında heç bir fərq yoxdur. Bu gün Azərbaycan vətəndaşlarının da, əcnəbilərin də saxlanma şəraiti, polisin müvəqqəti saxlanma yerlərindəki şərait və vəziyyət bütün beynəlxalq normalara uyğun gəlir. Belə olan halda, kimin üçünsə, nəyinsə ayrıca yaradılmasına ehtiyac yoxdur. Daxili İşlər orqanlarının nəzdində olan müvəqqəti saxlanma yerlərinin hamısı beynəlxalq standartlara cavab verən formada son bir neçə ildə yenidən qurulub”.

Millət vəkili Azərbaycanda məhbəs həyatı yaşayan iranlılardan danışıb.

“Yalnız əcnəbi yox, Azərbaycan vətəndaşı da saxlanma şəraiti ilə bağlı hansısa bir problemin olduğunu qeyd edirsə, təbii ki, biz həmin şəxsə kömək etməliyik. Həmin qurumun rəhbərliyinə çatdırmalıyıq ki, belə hallar baş verməsin. Amma bəzən bu cür hərəkətlər siyasi maraqlar üçün, hansısa təşkilatların, partiyaların maraqları üçün edilirsə, bu, yolverilməzdir”.

Deputat İranın Bakıdakı səfirinə müraciət edərək onu iran vətəndaşlarının həbsdə olduğu cəzaçəkmə müəssisələrinə birgə baş çəkməyə çağırıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti