Azərbaycanda Üzüm və Şərab Festivalı keçiriləcək

Azərbaycanda Üzüm və Şərab Festivalı keçiriləcək
  27 Avqust 2019    Oxunub:4345
Avqustun 30-31-də Şamaxı rayonunun Meysəri kəndində Azərbaycan Üzüm və Şərab Festivalı keçiriləcək. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunacaq.
Azvision.az xəbər verir ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təssərüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq. Avqustun 30-da festivalın açılış mərasimi keçiriləcək, qonaqlara musiqili proqram təqdim olunacaq. Rəqqas və nağaraçıların, həmçinin nəfəsli alətlər orkestri, eləcə də festivalın emblemi olan fiqur və kuklaların iştirakı ilə parad təşkil ediləcək. Qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayacaq.

Üzüm, şərabçılıq və festivalın rəmzləri olan çeşidli dekorasiyalar, instalyasiyalar ilə bəzədiləcək ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərəcək. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim ediləcək. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunacaq.

Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edəcək, məhsullarını dequstasiya üçün təqdim edəcəklər. İştirakçılar üçün, həmçinin Azərbaycanda şərabçılığın tarixinə dair mühazirə keçiriləcək.

Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil ediləcək.
Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında dəyirmi masa keçiriləcək. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edəcəklər.

Burada beynəlxalq və yerli ekspertlərin iştirakı ilə somalye kursları da təşkil olunacaq.
Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçiriləcək. Həmçinin şərabı vəsf edən Şərq və Azərbaycan poeziya nümunələrindən ibarət ədəbi kompozisiya təqdim olunacaq; Ömər Xəyyam, Seyid Əzim Şirvani və digər klassiklərin əsərləri səsləndiriləcək. İştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.

Festivala ailəvi qatılan iştirakçıların övladları uşaq əyləncə zonasında vaxtlarını maraqlı keçirə biləcəklər. Burada onlar mini zooparkda heyvanlarla tanış ola biləcək, müxtəlif viktorina və ustad dərslərində iştirak edəcəklər. “İnadkarın ram edilməsi” filmindən Adriano Çelentanonun rəqs səhnəsi çoxlarının yaddaşına üzümün ayaqla sıxılmasını – Avropada əvvəllər şərabın hazırlanma prosesini maraqlı və əyləncəli bir məşğuliyyət kimi yazıb. İştirakçılar bu zövqü festivalda yaşaya biləcəklər. Çəlləklərdə üzümün şirəsini tapdalayaraq sıxandan sonra ayaq izlərini əks etdirdikləri dəsmalları da özləri ilə xatirə olaraq apara biləcəklər.

Ərazidəki nəhəng butulkalar isə festival iştirakçısı olan yerli şərab istehsalçılarının hər birinin məhsullarını təcəssüm etdirəcək. Bundan əlavə şərab şüşəsi tədbirdə həm də yaradıcılıq obyekti kimi istifadə olunacaq; iştirakçılar butulkaları arzu etdikləri tərzdə və rəngdə boyamaq, yaradıcı fantaziyalarını reallaşdırmaq imkanı qazanacaqlar.
Kompleks ərazisindəki göldə işıqların şousu nümayiş olunacaq, yelkənli qayıqda musiqisi nümunələri ifa olunacaq. İştirakçılara, həmçinin şərab badələrində müxtəlif musiqi nömrələri təqdim ediləcək.

Festival çərçivəsində Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Natiq Şirinov, Əməkdar artist Miri Yusif və digər tanınmış incəsənət ustaları və qruplarının iştirakı ilə konsert proqramları keçiriləcək, diskotekalar təşkil olunacaq, açıq havada şərabçılığa dair filmlər nümayiş etdiriləcək.

Avqustun 31-də həm də festival tədbirləri başlayanadək yoqa, karate və gimnastika məşqlərində iştirak etmək olacaq. Festival çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasına gecə turları, İsmayıllı rayonunun Lahıc kəndinə ekskursiyalar, Şamaxı, İsmayıllı, Ağsu rayonları ərazisində yerləşən şərab təsərrüfatlarına dequstasiya turları da təşkil ediləcək. Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün foto zona da olacaq. İştirak üçün festivalın saytında əvvəlcədən qeydiyyat keçmək lazımdır. İştirak ödənişsizdir.

Azvision.az




Teqlər: Festival  





Xəbər lenti