“İpək yolu” tərsinə çevrilib

“İpək yolu” tərsinə çevrilib
  06 Dekabr 2013    Oxunub:1311
Qlobal iqtisadi böhrandan sonra dünyanın iqtisadi qütblərinin yeri dəyişib: Avropadan Asiyaya əmtəə axını azaldığı halda, Asiyadan Avropaya 11% artıb. Yəni tarixi “İpək Yolu”nda istiqamət dəyişib. Bu sözləri hazırda “Çırağan” otelində mətbuat konfransı keçirən Türkiyənin nəqliyyat, dənizşilik və rabitə naziri Binəli Yıldırım deyib.

Nazir maraqlı rəqəmlər açıqlayıb. Göstərib ki, 1980-ci illərdə Asiya ölkələrinin dünyadakı iqtisadi payı 8% olduğu halda, bu gün 30%-ə çatıb. Yaponiya, Hindistan, Rusiya kimi ölkələr iqtisadi sıralamada qalxıb, Britaniya və Avropa ölkələri isə enib.

1970-ci illərdə hava nəqliyyatının mərkəzi Amerika idi, 80-ci illərdə Avropanın qərbi, hazırda isə bu ağırlıq mərkəzi Türkiyənin üzərinə düşür. Bütün bunlar göstərir ki, dünyada ümumiyyətlə, iqtisadi ağırlıq mərkəzləri dəyişir.

“Bu baxımdan, Xəzər Forumu önəmlidir. Çünki nəqliyyat imkanları getdikcə Xəzər bölgəsinin önəmini daha da artırır”,- deyə nazir vurğulayıb. O, Bakı-Tiflis-Qars, TAP, TANAP, Marmara kimi layihələri “Şərqlə Qərbi bağlayan vacib strateji projelər” adlandırıb.

“Biz Azərbaycanla birlikdə qlobal layihələrə imza atdıq. Burada cənab İlham Əliyevin qlobal baxışlara malik olması da böyük rol oynayıb. Buna görə də biz ona çox minnətdarıq”,- deyə nazir bildirib.

Vüsal Məmmədov
AzVision.az / İstanbul


Teqlər:  





Xəbər lenti