Məhkəmə və polis işçilərinə xüsusi güzəştlər veriləcək
Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına icbari sığorta ilə bağlı xüsusi güzəştlər veriləcək.
Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir. Bundan başqa, dəyişikliklərdən sonra artıq qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək. Belə ki, maddədəki müvafiq bəndlərdən tələb olunan sənədlər siyahısından "notariat qaydasında təsdiq edilmiş" sözlərinin çıxarılması nəzərdə tutulur.
Millət vəkilləri dəyişikliklərin Milli Məclisin plenar iclasına çıxarılması haqqında qərar qəbul edib. Qanun layihəsi parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Sevinc İltifatqızı