Türkiyənin “Qarabağ siyasətində” ABŞ izi

Türkiyənin “Qarabağ siyasətində” ABŞ izi
  06 Dekabr 2013    Oxunub:1117
“Əhməd Davudoğlu əvvəl bəyan etmişdi ki, guya İrəvanla Dağlıq Qarabağın iki rayonunun azad edilməsi barədə qısa vaxt ərzində şifahı razılıq əldə ediləcək. Bu, daha sonra rəsmi müstəvidə müzakirəyə çıxarılacaq. Sonradan bəlli oldu ki, Türkiyənin bu siyasəti Amerikanın layihəsidir, Amerikanın təlqinidir. Türkiyə də bu təlqinə dəstək verir”.

Bunu politoloq Qabil Hüseynli AzVision.az-a açıqlamasında Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun dekabrın 12-də İrəvan səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu səfər onu göstərir ki, Türkiyə Ermənistanla münasibətlərində hədsiz güzəştlilik siyasətini həyata keçirmək niyyətindədir.

Türkiyə bu addımı atmadı..

“Davudoğlu bildirmişdi ki, əgər Qaradəniz Əməkdaşlıq Asossiasiyasının iclasının açılışına qədər rəsmi İrəvan bu şifahi razılığını rəsmi razılıq şəklində bəyan etsə, o zaman, o, İrəvana gedəcək. Amma bu günə qədər İrəvandan iki rayonunun geriyə qaytarılması haqqında hər hansı bir açıqlama gəlmədi. Amma bütün bunlara baxmayaraq, Davudoğlu İrəvana getmək haqqında qərar qəbul etdi. Yəni o, rəsmi açıqlama olacağı təqdirdə, İrəvana gedəcəyini bildirmişdi. Belə görünür ki, Türkiyə öz xarici siyasət xəttində, xüsusilə, Ermənistanla münasibətlərdə hədsiz güzəştlilik siyasətini həyata keçirir. Onsuzda Rusiya tərəfindən ərköyün övlad kimi müdafiə edilən Ermənistana bir az da Türkiyə ərköyünlük etmək üçün şərait yaradır. Yəni, Ermənistanla danışıqlar aparılıbsa və Ermənistan müəyyən vədlər veribsə, indi həmin vədlərdən imtina edirsə, heç olmasa bu səfəri təxirə salmaqla, bu ölkənin qeyri-konstruktiv mövqeyini protest etmək olardı. Türkiyə bu addımı atmadı”.

Politoloqun hesab edir ki, Türkiyə Ermənistanla münasibətlərdə indiki vəziyyətdə öz şəxsi maraqları naminə çıxış edir:

“Türkiyə üçün Dağlıq Qarabağ problemindən də mühüm məsələ Ermənistanla normal münasibətlərin yaradılması, bu fonda sərhədlərin açılması və 2015-ci ildə 100 illiyi qeyd olunacaq “Qondarma Soyqırımın” daha təsirsiz şəkildə həyata keçirilməsinə nail olacaq, yəni Türkiyə bu vəziyyətdə hədsiz dərəcədə özünün şəxsi maraqları çərçivəsində çıxş edir. Azərbaycana verdiyi sözü yəni, Ermənistanın blokadada saxlanılması və Ermənistanın beynəlxalq hüquq normalarına uyğun olaraq, işğal edilmiş Azərbaycan torpaqlarını azad etməyinə birgə nail olması haqqında verdiyi vədi az qala pozmaq həddinə gəlib çatıb. Düzdür, bu vəd hələ pozulmayıb. Amma Ə.Davudoğlunun İrəvana getməsi, orada tədbirdə iştirak etməsi fikrimcə, o qədər də ürəkaçan bir hadisə deyil”-deyə politoloq şərh edib.

“Davudoğlunun Ermənistana getməsi ürəkaçan deyil”

İrəvan səfəri ilə bağlı gözləntilərə gəlincə, siyasi ekspert bildirib ki, Azərbaycanla bağlı siyasi məsələlərin müzakirəsini ehtimal etmək düzgün hal deyil:

“Burada Türkiyə erməni səlahiyyətliləri ilə hər hansı gizlin bir sövdələşmələr apara bilər. Amma hər halda gəlin, tələsməyək. Onun səfərinin sonunu gözləyək, görək, bəlkə də Davudoğlu nəsə edəcək.

Azərbaycanla bağlı hər hansı bir siyasi məsələnin müzakirəsi gündəmə salına bilər, amma o zaman cavab veriləcək ki, bu məsələ Minsk qrupu xətti ilə müzakirə edilir və məsələnin burada müzakirəsinə ehtiyac yoxdur. Çünki bu, Qaradəniz İqtisadi Əməkdaşlıq təşkilatıdır. Belə təşkilatlada bir qayda olaraq, iqtisadi xarakterli məsələlər müzakirə edilir və siyasi xarakterli məsələlərin gündəmə salınmasına icazə verilmir”-deyə politoloq bildirib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu dekabrın 12-də İrəvanda keçiriləcək Qaradəniz İqtisadi əməkdaşlıq iclasına qatlıacaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti