Qəbul imtahanında 670 bal toplayan internat məzunu - FOTO

  Qəbul imtahanında 670 bal toplayan internat məzunu -    FOTO
  05 Sentyabr 2019    Oxunub:16730
2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarının sayı açıqlanıb. Əldə etdiyimiz məlumata görə, bu il belə məktəbləri bitirən 11 məzun 600-dən çox bal toplayıb.
Onların arasında ən yüksək nəticəni Ağdaş rayonu, M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyanın məzunu Əliyev Murad Rəşad oğlu göstərib. 17 yaşlı abituriyent 670.8 balla Bakı Ali Neft Məktəbinə qəbul olub.



Muradın anası Gülnarə Əliyeva təəssüratlarını Azvision.az -la bölüşüb. O, bildirib ki, Muradın yüksək bal toplaması gözlənilən idi.

“Ailəmiz 4 nəfərdən ibarətdir. Muradın özündən kiçik bir bacısı var. Mən uşaqlarımın oxuduğu məktəbdə işləyirəm. Oğlum repetitor köməyindən çox az istifadə edib. 1-ci sinifdən 11-ci sinfə qədər Murad üçün xüsusi müəllim tutmamışıq. Dərsləri ilə daha çox mən özüm məşğul olmuşam. Atası işlə əlaqədar ona dərslərində kömək edə bilməyib. Murad sağ olsun, hamımızı sevindirdi. O, çox məsuliyyətli, ağıllı uşaqdır. Sözümüzdən heç vaxt çıxmayıb. Müəllimlərin və yoldaşlarının yanında hər zaman hörmətli olub”.



G.Əliyevanın sözlərinə görə, Murad indiyədək bir çox bilik yarışlarında mükafata layiq görülüb: "Oğlum çoxlu təltifnamələr alıb. İngilis dili üzrə Bakıda keçirilən yarışlarda medal qazanıb. Ona görə də oğlumdan bu nəticəni gözləyirdik. Muradın bütün müəllimlərinə, əsasən də ibtidai sinif müəllimi Kəmalə Məcidovaya minnətdarlığımı bildirirəm".

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Internat   Məktəb  





Xəbər lenti