“O, beş manata görə məni itirdi...” – Elçin Şıxlı

 “O, beş manata görə məni itirdi...” – Elçin Şıxlı
  07 Dekabr 2013    Oxunub:4364
İnsan yaşadığı, var olduğu müddətdə daima həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir.

Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur. Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur.

İllər ötdükcə isə edə bilmədiklərimiz “KAŞKİ...”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ...... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur...

Beləliklə AzVision.az-ın “NƏYİ DƏYİŞƏRDİN?” rubrikasının budəfəki qonağı "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlıdır.

O, bizə keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyindən danışıb.

Şükür Allaha ki, müharibə illərinə düşmədik

-Ümumən götürəndə bəlkə də bir şey dəyişməzdim. Çünki dəyişmək bizdən asılı deyil. Sadəcə olaraq alnımıza nə yazılıbsa bu da olur.

Məsələn, uşaqlıq vaxtlarıma qayıtmaq şansım olsa idi heç nəyi dəyişməzdim. Çünki dəyişə də bilmərəm. O zaman biz valideyinlərimizdən 100 % asılı idik. Öz uşaqlığımdan , uşaqlıq illərindən demək olar ki, tam razıyam. Mənim gözəl valideyinlərim olub. Və o valideyinlərimə baxıb fərəh hissi duymuşam. Və xöşbəxt uşaq kimi böyümüşəm.



Şükür Allaha ki, uşaqlığımız müharibə illərinə düşmədi, savaşlar görmedik uşaqlıqda. Rahat bir həyat yaşamışam, uşaqlıq keçirmişəm. Çünki bunun əvəzini mənim atam İkinci Dünya Müharibəsində 5 il iştirak etməklə verib. Yəni o zamandan o müharibədə canı, qanı və digərlərinin də həlak olması bahasına mənim uşaqlığımın firavanlığının əsası qoyulub .

Kaşki valideynlərimin dediklərini edərdim...

-Normal, savadlı , dünya görüşlü , tərbiyəli və belə deyək əsil insan kimi böyüməyim üçün bütün şəraiti yaradıblar. Məktəb illərində də mənim nədənsə şikayətlənməyə heç bir əsasım yoxdur. Sadəcə olaraq mən nəyi dəyişmək istərdimsə o bir az ağlım kəsən dövrdən, məktəb illərindən başlayır. Məsələn, hərdən düşünürəm ki, nahaq yerə valideyinlərimin söylədiklərini 100% yerinə yetirməmişəm. Ancaq mən buna heyifslənə bilərəm həmin dövr üçün. Çünki onlar nəsə deyəndə mənim yaxşılığımı istəyib deyirdilər. Tutaq ki, 5 saat dərs oxumaq əvəzinə 4 saat dərs oxuyurdum . Amma gərək 7 saat oxuyardım. Əslində bunlar xırda məsələlərdir.




Qarşımda daha çox tələblər qoyurdular

-Mənə həmişə deyərdilər ki, sən hamıdan birisən. Yəni deməzdilər ki, sənin atan yazıçıdır ona görə sən özünü hamıdan üstün tutasan. Hətta bir çox hallarda çaşmaq istəyəndə mənim səhvimi düzəldiblər ki, bala sən də hamı kimi adi bir uşaqsan. Bu baxımdan mənim həmişə qarşımda daha çox tələblər qoyublar. Məsələn, dəqiq elmlərdən bir o qədər güclü deyildim. Amma yenə deyirirdilər ki , sən burada da güclü olmalısan. Belə hallar çox olub. Xırda şeylər olurdu ki, saçın niyə uzundur, nə bilim palatarın niyə belədir və s . Çünki biz o zaman cavan idik və bir az başqa cür geyinmək istəyərdik.



İstəyirsən 25 il Harvard universitetini bitirin, nə dəyişəcək ki?

-Tələbəlik vaxtımdan isə deyə bilərəm ki, Bakıda yox bir başqa yerdə oxumaq istərdim. Geriyə qayıtmaq şansım olsa idi, bax bunu dəyişərdim. O vaxtlar nisbətən imkanlar məhdud idi, amma hər halda Moskovada və s. yerdə oxuya bilərdim. Məsələn, Xarici Dillər İnstituna daxil olurdum , amma məktəbdə fars dili keçmişdim. Ora da daxil olanda qəbul imtahanın biri ingiliscə idi. Amma ingilis dilini mən evdə öyrənirdim. Və mənim imtahana sənədlərimi qəbul etmək üçün əvvəlcə sınaq imtahanı keçirilirdi ki, görsünlər ingilis dilindən başım çıxır ya yox. Və o imtahandan sonra mənə təklif etdilər ki, bəs Moskovada kı Xarici Dillər İnstitunda təhsil alım. Mən də çox sevindim. Gəldim evdə söylədim, atam dedi ki, nə olar bala olar. Bir gün sonra isə araşdırıb mənə dedi ki, bala o yerlər artıq satılıb. Sən ora imtahan versən heç bura da düşməyə bilərsən. Bizim də heç vaxt elə şeylərlə aramız olmayıb ki, kimdənsə xahiş edək və ya rüşvətlə iş görək. Bu baxımdan mən onu dəyişdirmək istərdim ki, daha güclü yerdə oxuyardım.

Adamın düzdür ürəyindən çox şeylər keçə bilərdi. Amma hər halda olan bu idi və mən düşünürəm ki, mən istər Harvard, Kolumbiya və başqa tanınmış ali təhsil müəssisələrində oxusaydım da bu mənim ağlıma , düşüncə tərzimə əlavə bir şey gətirməzdi. Sadəcə olaraq mən başqa bir ölkənin universitetinin təhsilini ala bilərdim. Bilirsiniz təhsilli olmaq bir şeydir, adamın beyninin olmağı, düşüncə tərzi, tərbiyəsi olmağı tamam başqa şeydir. Siz çox şeydən xəbərdar ola bilərsiniz, amma beyniniz işləmirsə xeyri yoxdur. Istəyirsiniz 25 il Harvard universiteti bitirin, əgər siz insan deyilsinizsə, vətəndaş mövqeyi ifadə etməyi bacarmırsınızsa heç bir universitet təhsili sizə kömək edə bilməz. Yaltaqsınızsa, onun bunun qabağında əyilməyə hazırsınızsa, şəxsiyyət deyilsinizsə xeyri yoxdur. Min dənə bütün dünyanın universitetini bitirin sizdən adam olmayacaq. Söhbət bundan gedir.

Əsgərliyə gedəndə atamdan incimişdim



-Daha sonra isə həyatımda olan bir məqamı sizinlə paylaşmaq istərdim. Əsgərliyə gedərkən mən nədənsə belə düşünürdüm ki, atam mənə kömək edib Bakıda saxlatdırar. Atam isə Hərbi Komissardan xahiş etdi ki, bu adam 2 xarici dil bilir. İngilis və alman dillərini. Siz bunun biliklərindən ordu üçün daha yaxşı istifadə edə bilərsiniz . Və məni göndərdilər o zamanki Şərqi Almaniyaya qulluq etməyə. İl yarım mən vətəndən uzaqda oldum. Sözün doğrusu müəyyən məqamda bəlkə də atamdan bir balaca incimişdim buna görə. Sonra başa düşdüm ki, düz edib. Çünki mən gedib orada Alman dilimi təkmilləşdirdim. Və başa düşdüm ki, dünyada az da olsa nə var, nə yox. Heç də hər şey belə rahat halva yağ kimi getmir, dünyada başqa şeylər də var.

Ailə seçimində bəxtim gətirdi..

-Həyatımın bir mərhələsi də evliliyimlə bağlıdır . Bu mərhələdə heç vaxt, heç nəyi dəyişmək istəməzdim. Heç vaxt kaş ki, sözünü işlətmərəm.

Çünki evliliyim həm mənim ürəyimdən oldu , bəxtim gətirdi, həm də böyüklərin ürəyindən oldu. Daha doğrusu mənə düzgün istiqamət verdilər. Və indiyə kimi də mənə demədilər ki, sən niyə gedib adi bir bir ailənin qızını istəyirsən. Demədilər ki, gəl filankəsin qızını alaq. İstəsə idi ala bilərdi. Sadəcə olaraq həmin ailə düşüncə tərzinə, tərbiyəsinə və mədəniyyətinə , övladına verdiyi tərbiyəyə görə bizə uyğun idi. Və ona görə də mən indiyə kimi bu seçimdən razıyam. Çox xoşbəxtəm ki, məhz bu ailənin qızını almışam və həyat gün yoldaşım məhz odur.



Kaş itirdiyim dostlarım geri qayıdaydı

Məsələn, illər ilə hətta uşaqlıqdan belə dostluq etdiyin adamı bir göz qırpımında hansısa etdiyi, gözləmədiyin hərəkətinə görə itirirsən. Dostum, tanışım, çox istədiyim adamlar olub ki, təəssüff ki, itirə- itirə gəlmişəm. Yəni zaman keçdikcə kimisə itirirsən, kimisə qazanırsan, amma itirdiklərim daha çox olur . Mən məsələn , istəməzdim ki, o dostları o şəkildə itirim. Çünki ömrümün böyük bir hissəsi belə deyək ki, onlarla bağlı olub. İndi elə məqamlar da var ki, məsələn, həmin o itirdiyim dostlarımdan bir neçəsi dünyasını da dəyişib. Mən onun övladlarına yaxınlıq edə bilmirəm. Qayğı göstərə bilmirəm. Çünki bilmirəm ki, o uşaq məni qəbul edəcək, ya yox. Deyəcək ki, sən mənim tutaq ki, atamla sonradan dostluğu pozubsan, heç mən də səni tanımaq istəmirəm. O münasibətləri geriyə qayıtmaq şansım olsa idi, əlaqəni saxlayardım. Sadəcə olaraq indi səhvin harada olduğunu bilirəm. O zaman bir az əvvəlcədən bilsə idim, həmin səhvin baş verməyinə imkan verməzdim .



Özümdən asılıdırsa özüm etməzdim , atmazdım o addımı və ya bilsə idim ki, o adam bu addımı atacaq onu önləyərdim. Qoymazdım o hərəkəti etsin. Çünki dost qazanmaq uzun illər tələb edir və çox mürəkkəb, çətin bir şeydir. Amma itirmək çox asandır. Mənim heyifsləndiyim şeylərdən biri də budur. Yəni öz həyatımla bağlı deyə bilərəm.

Xeyli dostlarımızı pul çaşdırırdı, oğurluq edirdilər

Jurnalistikada, işimdə qazandığım az olmayıb. Amma bəlkə də itirdiyim qazandığımdan daha çox olub. Həm mənəvi, həm də maddi cəhətdən. Dostarımın bir çoxu bu işin güdazına gedib. Bərkə boşa düşəndə görürsən ki, insanlar, dostlar bərk ayaqda heç də özlərini doğru dürüst aparmırlar. İnsanlara iş təklif edirsən, iş yaradırsan onun üçün çalışmağa , ailəsini dolandırmağa şərait yaradırsan o sənin inamından sui-istifadə edir və başlayır oğurluq edir.

Xeyli dostlarımız, həmkarlarımız olub ki, onları pul çaşdırıb və başlayıblar oğurluq etməyə,əli təmiz olmayıblar və itirmişik. Amma , biz kriminal elemetlərdən deyilik ki, onların var-yoxunu tutub əllərindən alardıq. Sadəcə olaraq biz onlara sağ ol demişik. Halal xoşun deməmişəm, amma demişəm ki, oldu getdi. Sən 5 manat məndən oğurladınsa, məni itirdin. Mən bunu dəyişmək istəyərdim. 5 manatı oğurladın məndən qazandın, amma məni itirdin. Ən çox ağrıdan da odur ki, insanlara olan inamımı zəiflətdin.

Hamı başını sallayıb cibini və qarnını düşünür

Dost elə bir şeydir ki, dərdləşirsən, oturursan , ürəyini o adama aça bilirsən bu adamların sayı azaldıqca insanın yaşamağı ağırlaşır. İnsan normal yaşamaq istəmir. Səmimiyyətə inanmır. Təbii ki, hələ də inanırsan , amma hər halda adamı bu şeylər sarsıdır. Dəyişmək istəsəydim, bax bunları dəyişərdim. Və bu itkilər olmasa idi bəlkə də tamam başqa bir vəziyyət ola bilərdi. Hər halda çox şeylər var idi.

Mən məsələn, istəyərdim ki, 5-10 il bundan əvvəl jurnalistikamızda həmkarlarımızın birliyi kimi birlik olsun. İndi hamı təəssüf ki, hərə başını sallayıb cibini və qarnını düşünür , mənəviyyat artıq itib gedir.Təbii ki, hamını deyə bilmərəm. Böyük əksəriyyətində belədir. Ola bilsin mən səhv edirəm. Onlar deyir ki , Elçin düz danışmır və mənəviyytı Elçin itirib. İndi bunu zaman göstərər. Bu saat peşə, əqidə birliyi yoxdur. İstiyərdim ki, o zaman olan şeyləri itirməyək. Bunları dəyişmək istərdim.

Şahanə RƏHİMLİ

Qalereya




Teqlər:  





Xəbər lenti