Ağdaşda 60 km-lik yol yenidən qurulub

Ağdaşda 60 km-lik yol yenidən qurulub
  11 Sentyabr 2019    Oxunub:1728
Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının yenidən qurulması işləri yekunlaşdırılıb. Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 kilometr təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun uzunluğu 33 kilometr, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun uzunluğu isə 27 kilometrdir. Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.

Layihəyə uyğun olaraq, yeni yol yataqlarının inşası, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılıb. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Həmçinin yollar boyu mövcud avtomobil körpülərinin təmiri, körpü üzərində istismara yararsız körpü məhəccərlərinin yeniləri ilə əvəz olunması işləri görülüb.

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün hər iki yolboyu 479 yol nişanı və məlumatverici lövhə, 890 siqnal dirəkləri quraşdırılmaqla, yol-cizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb.

Yenidənqurma işləri nəticəsində 17 yaşayış məntəqəsinin 25 minədək əhalisi Ağdaş rayon mərkəzinə və respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil, ordan da M4 Bakı-Şamaxı-Yevlax, həmçinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, onların respublikanın istənilən istiqamətinə gediş-gəlişi təmin olunub.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti