Məcburi köçkünlər üçün müavinətlər artacaq? - Rəsmi açıqlama
"Dövlətimizin başçısı məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” 26 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Həmin vaxtdan etibarən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin edilməyən sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər 33 manat, bu kateqoriyaya aid edilməyən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə 60 manat məbləğində vahid aylıq müavinət alırlar".
Məlumatda qeyd olunub ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət 1 yanvar 2017-ci ildən tətbiq olunur.
"Hazırda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağına dair məlumat yoxdur", - deyə Dövlət Komitəsi yayılan məlumatlara aydınlıq gətirib.
Azvision.az
Teqlər: Məcburi-Köçkün Komitə