Göyçayda 40 min 650 ton nar yığıldı

Göyçayda 40 min 650 ton nar yığıldı
  08 Dekabr 2013    Oxunub:3826
Göyçay rayonunda nar tədarükü uğurla başa çatıb.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildiriblər ki, kəndlilər ötən üç ay ərzində 3620 hektar nar bağından 40 min 650 ton məhsul yığıblar. Məhsulun bir hissəsi yerli və xarici bazarlara çıxarılmış, zədəli meyvələr isə şirə emalı müəssisələrinə satılıb. Bu il bağlara yüksək səviyyədə aqrotexniki xidmətin göstərilməsi və havanın əlverişli keçməsi məhsul bolluğuna səbəb olmuşdur. Belə ki, cari ildə bağlardan ötən ildəkindən 700 ton çox nar məhsulu tədarük olunub. Ötən il rayonda 39 min 950 ton nar yığılıb.

Göyçayda narçılığa maraq ildən-ilə artır. Rayonda yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması üçün tədbirlər görülür. Hazırda boş və istifadəsiz qalmış torpaqlarda qiymətli nar sortlarından olan tinglərin əkini həyata keçirilir. Kəndlilər əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar sortlarının əkilməsinə üstünlük verirlər. Nar tinglərinin əkini prosesi gələn ilin aprelinədək davam edəcək.

Son iki ildə rayonda 200 hektardan çox sahədə yeni nar bağı salınıb. İndi Göyçayda yüzdən çox fermer narçılıqla məşğul olur. İyirmi il əvvəl Göyçayda 251 hektar məhsuldar nar bağı vardısa, hazırda bu rəqəm 3620 hektara çatdırılıb.


Teqlər:





Xəbər lenti