Ponomaryov “Sabah”ın baş məşqçisi təyin olundu

Ponomaryov “Sabah”ın baş məşqçisi təyin olundu
  19 Sentyabr 2019    Oxunub:2577
“Sabah” klubunun Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda şuranın sədri Firudin Qurbanov, üzvləri – Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klubun prezidenti Maqsud Adıgözəlov iştirak ediblər.

M.Adıgözəlov komandadakı hazırkı vəziyyətdən, çempionatdakı nəticələrdən danışıb. O, baş məşqçi Elşad Əhmədovun bundan sonra klubda müşavir postunda çalışması ilə bağlı qarşılıqlı razılıq əsasında qərar qəbul olunduğunu qeyd edib. M.Adıgözəlov yeni baş məşqçi axtarışlarının davam etdiyini bildirib. Klub prezidenti yeni baş məşqçi təyin olunana kimi şuranın üzvü, təcrübəli mütəxəssis İqor Ponomaryovun komandanı çalışdırmasını təklif edib.

Həm İ.Ponomaryov, həm də şuranın üzvləri bu təklifi müsbət qarşılayıblar. Təcrübəli mütəxəssisin komandaya müvəqqəti baş məşqçi təyin olunması qərara alınıb. Beləliklə, İ.Ponomaryov Premyer Liqada “Sumqayıt” ilə oyundan sonra – sentyabrın 23-dən müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlayacaq. Mütəxəssis öz təcrübəsi ilə yeni baş məşqçinin axtarışında da köməyini əsirgəməyəcək.

Məşvərət Şurasının sədri F.Qurbanov çıxış edərək İ.Ponomaryovun təcrübəsinin indiki zamanda komanda üçün faydalı olacağını bildirib.

Xatırladaq ki, 2000-2001-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olan İ.Ponomaryov müxtəlif vaxtlarda “Qarabağ” və “Xəzər Lənkəran” klublarına da rəhbərlik edib.

Azvision.az


Teqlər: Sabah   Klub   Başməşqçi  





Xəbər lenti