Rəşid Behbudovla “düşmən” olan Xalq artisti - İndiyədək yayılmayan ÖZƏL FOTOLAR

  23 Sentyabr 2019    Oxunub : 14260
 Rəşid Behbudovla “düşmən” olan Xalq artisti - İndiyədək yayılmayan ÖZƏL FOTOLAR
Mərhum Xalq artisti Oqtay Ağayev Azərbaycanın unudulmayan sənətkarlarından biridir. 1934-cü ildə Bakıda dünyaya gələn Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf edib. “Sən ey uşaqlıq” mahnısı ilə məşhurlaşan müğənninin “Yadındamı ötən günlər”, “Qaytar eşqimi”, “Sənin bircə təbəssümün” kimi mahnıları da dillər əzbəridir.
Müğənni 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, vokalist kimi inkişafında böyük zəhmət çəkib.

Əsgərlikdən qayıdandan sonra O. Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.

O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.

O, kino sənətində də izlər qoyub. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.

Ürək-damar xəstəliyindən əziyyət çəkən Xalq artisti Oqtay Ağayev 2006-cı ilin noyabrın 14-də vəfat edib, Yasamal qəbirstanlığında torpağa tapşırılıb.

Ağayev sənətə başladığı ilk illərdə Rəşid Behbudovla çox yaxın dost olub. Ancaq sonradan - 1968-ci ildən iki sənətkar arasında münasibətlər soyumağa başlayıb. Həmin il azərbaycanlı sənətkarlardan ibarət nümayəndə heyəti Moskvaya yola düşüb. Nümayəndə heyətinin rəhbəri Rəşid Behbudov konsertdən əvvəl Oqtay Ağayevə deyib ki, məşhur italyan mahnısı “Camayka”nı oxumasın. Oqtay Ağayev Rəşid Behbudovun fikri ilə razılaşıb və başqa mahnını oxuyub. Lakin mahnı bitən kimi zaldakılar “Camayka”, “Camayka” qışqırıblar və Maestro Niyazi gənc Ağayevdən həmin mahnını oxumasını istəyib. Oqtay Ağayev isə Niyaziyə bildirib ki, Behbudov onun bu mahnını oxumasını istəmir. Uzun müzakirə və mübahisədən sonra Oqtay Ağayev “Camayka”nı oxuyub və alqışlarla qarşılanbr. Bu hadisədən sonra Rəşid Behbudovun Ağayevə münasibəti dəyişib.

Azvision.az karifey sənətkarımız olan Oqtay Ağayevin indiyədək mətbuatda yayılmayan özəl fotolarını əldə edib. Həmin şəkilləri təqdim edirik:



































Şahanə Rəhimli
FOTO: Şahin Sərdarov

Azvision.az

Teqlər: Oqtay-Ağayev