Dərman təyinatına nəzarət gücləndirilib

Dərman təyinatına nəzarət gücləndirilib
  09 Dekabr 2013    Oxunub:1822
Müxtəlif xəstəliklərin müalicəsində tətbiq edilən antibiotiklərin təyinatına məhdudiyyətlər qoyula bilər. Artıq Səhiyyə Nazirliyi antibiotiklərlə bağlı əks təbliğat kampaniyasına başlayıb.

AzVision.az xəbər verir ki, Səhiyyə Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında bildirib ki, beynəlxalq təşkilatların tövsiyəsi ilə dərman təyinatı sahəsinə nəzarət gücləndirilib: “Məlumdur ki, xəstəliklərin müalicəsində antibiotiklər qısa zamanda kömək edir. Lakin onların tətbiqi zamanı xəstənin immunteti aşağı düşür. Bəzi həkimlər hətta azyaşlı uşaqlara da güclü antibiotiklər təyin edirlər. Bədən buna alışdığından antibiotiklər növbəti mərhələdə kömək etmir”.

A.Qədirli dedi ki, dərmanların orqanizmə təsiri nəzərə alınaraq əhali antibiotiklərin zərəri ilə bağlı məlumatlandırılır. Çünki əksər zamanlarda həkim təyinatı olmadan da antibiotikdən istifadə edilir.

Qeyd edək ki, Rusiya və Türkiyə də daxil olmaqla əksər ölkələrdə sefraksion tərkibli antibiotiklər yalnız rəsmi icazədən sonra tətbiq edilir. Bu tərkibli antibiotiklərin bədəndəki vitamin ehtiyatını məhv etməsi ilə bağlı araşdırmalar var.

Azərbaycana antibiotiklər əsasən firmalar tərəfindən gətirilir. Firma-həkim işbirliyi nəticəsində isə xəstəyə lazım olmadığı halda belə bahalı antibiotiklər təyin edilir.

Firma-həkim işbirliyi əsasən poliklinikalarda müşahidə edilir. Həkim gündəlik təyin etdiyi dərmanların siyahısını təqdim etməklə firmalardan faiz alır.

Xatırladaq ki, Oqtay Şirəliyev yeni səhiyyə naziri təyin ediləndə ilk işi firma nümayəndələrinin dövlət xəstəxanalarına buraxılmasını qadağan etmişdi. Lakin bu qadağa sonradan unuduldu.

virtualaz.org


Teqlər:  





Xəbər lenti