Nəsimi festivalında şairə həsr olunan xalça sərgisi açılacaq

Müsabiqə barədə jurnalistlərə müsahibə verən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ölkə başçısının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı və 2019-cu ili “Nəsimi ili” elan edilməsindən sonra muzey bu ilə töhfə vermək məqsədilə belə bir müsabiqə elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak ediblər. Müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələr qatılıb. 51 eskiz arasından 3-ü qalib seçilib.
Açılacaq sərgidə qalib olan xalçalarla bərabər, müsabiqəyə təqdim olunan bütün eskizlər də nümayiş olunacaq.
Müsabiqədə Fatimə Axundzadənin “Nəsim yeli” eskizi I yer, Rühəngiz Bağırovanın “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı işi II yer, Sürəyya Dadaşovanın “Göz yaşı” əsəri isə III yeri tutub. Müsabiqədə I və II yerlərin qaliblərini münsiflər heyəti müəyyən edib. III yerin qalibi isə muzeyin "Facebook" səhifəsində ən çox tamaşaçı səsi toplamış eskizin müəllifi olub. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir.
Azvision.az