Rəbiyyət Aslanovanın sədri olduğu komitə toplandı

Rəbiyyət Aslanovanın sədri olduğu komitə toplandı
  09 Dekabr 2013    Oxunub:1090
Bu gün Milli Məclisdə "Azərbaycan Respublikasında insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsi Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda dəyirmi masa keçirilir.
AzVision-ın məlumatına görə, dəyirmi masa İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə təşkilatçılığı ilə baş tutur.

Giriş nitqi ilə çıxış edən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, bugünkü tədbir 10 dekabr- beynəlxalq insan haqları günü münasibətilə təşkil olunub: "Bu gün dünyanın bir sıra güclü dövlətləri BMT-nin sülh yaradıcı missiyasının funksiyalarını mənimsəyərək bir sıra maneçilik yaradırlar. Bu gün Azərbaycanın torpaqları ermənilər tərəfindən işğal edilir və yüz minlərlə insan qaçqın düşərək fundamental hüquqları pozulur. Beynəlxalq İnsan haqları bəyannaməsinin 40 illik yubileyi ərəfəsində Azərbaycan torpaqları işğal edildi. Bu gün isə biz mövcud bəyənnamənin 65 illik yubileyini qeyd edirik. Keçən 25 il ərzində beynəlxalq ictimaiyyət Azərbaycana qarşı olan haqsızlığa və vətəndaşlarımızın qarşılaşdığı hüquq pozuntularına biganə yanaşır. BMT dünyada baş verən konfliktləri həll etmək üçün sülh yaradıcı missiya həyata keçirir. Bu missiya qəbul etdiyi qətnamələrlə konfliktlərin həllinə çalışır, lakin bəzi güclü dövlətlər bu funksiyanı öz nəzarətinə keçirməklə, sanki dünyada sülh yaradıcı missiyanı həyata keçirir. Əslində isə onlar bununla mövcud funksiyaların qaydalarını pozurlar. Bu gün işğalçılıq siyasəti davam edir və beynəlxalq aləm bütün baş verənləri sükutla qarşılayır. Bu da onu göstərir ki, beynəlxalq qurumlar öz vəzifələrini lazımi şəkildə yerinə yetirmirlər. Bu isə insanların beynəlxalq hüquqlara olan inamlarını zəiflədir".

Komitə sədri onu da deyib ki, bu gün Azərbaycan bütün beynəlxalq hüquq konvensiyalarına qoşularaq tələblərin yerinə yetirilməsində və öz öhdəsinə düşənləri lazımınca yerinə yetirir:

"Prezident İlham Əliyev tərəfindən ölkədə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı Milli Fəaliyyət proqramı qəbul edilib. Bu fəaliyət planı keçilən yolda əldə olunan uğurlar əsasında hazırlanmayıb, əksinə irəliyə bir baxışı tələb edən sənəddir. Bu sənəd “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə çox uzlaşır. Bu da dövlət- vətəndaş münasibətlərini, gələcəyə baxışını təmin etmək və münasibətləri tənzimləmək məqsədi daşıyır. Artıq Azərbaycan fundamental insan hüquq və azadlarının təmin olunması istiqamətində ciddi addımlar atır və bu gün ölkədə bu hüquqlar qorunur. Baxmayaraq ki bəzi beynəlxalq təşkilatlar bizə qərəzli mövqe nümayiş etdirir, lakin bu gün heç kim ölkəmizə qarşı təzyiq formasında danışa bilməz və biz də heç kimdən çəkinmirik. Bu gün dünyada hörmət və nüfuz sahibiyik".

Ombudsman Elmira Süleymanova isə çıxışı zamanı qeyd edib ki, ermənilər gələn il üçün uydurma erməni soyqırımının 100 illiyini keçirmək üçün ciddi işlər görür: "Bunun cavabı olaraq biz Türkiyə ilə birgə səylərimizi daha da gücləndirməli və bir sıra vacib məşrlər hazırlamalıyıq. Dünyaya bir daha sübut etmək lazımdır ki, ən böyük soyqırım azərbaycanlılara qarşı törədilib. Bu məsələdə Xocalı soyqırımını xüsusi vurğulamaq kifayət edər".

O, eyni zamanda Milli fəaliyyət proqramından irəli gələn tələblərin icra vəziyyəti barədə məlumat verərək bildirib ki, məhkəmə hüquq sistemində, islah əmək müəssisələrində və digər yerlərdə insan hüquq və azadlıqları kifayət qədər qorunur.

Ombudsman, həmçinin qarşıda duran vəzifələr və bu sahəsəki mövcud problemlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, hazırda dəyirmi masa davam edir.


Teqlər:  





Xəbər lenti