“Bülbülün adı xalqın qəlbində yaşayır” - Rusiyadakı səfirimiz (FOTOLAR)

“Bülbülün adı xalqın qəlbində yaşayır” -    Rusiyadakı səfirimiz (FOTOLAR)
  26 Sentyabr 2019    Oxunub:2983
Sentyabrın 26-sı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) xatirə günüdür.
Azvision.az xəbər verir ki, bu münasibətlə Azərbaycanın Rusiyadakı səfiri, sənətkarın oğlu Polad Bülbüloğlu, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı Elçin, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər. Sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyularaq xatirəsi hörmətlə yad olunub.

Tanınmış bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, Bülbülün vəfatından illər ötsə də, onun adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Vurğulanıb ki, Azərbaycan dövləti Bülbülün bənzərsiz sənətinə hər zaman yüksək qiymət verib.

Xatırladaq ki, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov)1897-ci il iyunun 22-də musiqi və mədəniyyət beşiyimiz Şuşa şəhərində anadan olub. Xalq mahnıları və romansların (“Sənsiz”, “Sevgili canan” - Ü.Hacıbəyli, “Ölkəm” - A.Zeynallı və s.), operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı kimi şöhrət qazanıb. 1931-ci ildə Milan Konservatoriyasını bitirən sənətkar Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. O, həmçinin xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb. 1961-ci ilin 26 sentyabr tarixində vəfat edib.











Azvision.az


Teqlər: Bülbül  





Xəbər lenti