Nazir beynəlxalq idman forumuna dəvət alıb

Nazir beynəlxalq idman forumuna dəvət alıb
  27 Sentyabr 2019    Oxunub:2284
Gənclər və İdman naziri Azad Rəhimov Rusiya Federasiyasının idman naziri Pavel Kolobkovla görüşüb.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Azvision.az -a verdiyi məlumata görə, qonağı salamlayan A.Rəhimov 2018-ci ilin sentyabr ayında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” imzalanmış sazişin çox böyük uğurla həyata keçirldiyini, sənədin idmanın inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Nazir bildirib ki, saziş hər iki ölkənin idmanın inkişafında, yeni idmançı nəslinin yetişməsində çox böyük rol oynayır: "Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, demək olar ki, hər birində Rusiya idmançıları aktiv şəkildə iştirak edir, yüksək pillələri qazanırlar. Növbəti ilin Olimpiya ili olacağını nəzər alsaq, demək ki, bizi daha məsuliyyətli və gərgin il gözləyir.”

Qəbul üçün təşəkkürünü bildirən Pavel Kolobkov da, öz nöbəsində, 2018-ci ildə Soçi şəhərində imzalanmış sazişin əhəmiyyətindən və ötən il ərzində qarşılıqlı əməkdaşlıq sayəsində qazanılan uğurlardan söz açdı. O bildirdi ki, 2020-ci ilin avqust ayında Kazanda ilk dəfə olaraq MDB ölkələrinin idman yarışları keçiriləcək. Gənclər arasında baş tutacaq bu yarışa 2000-dən çox qonaq qatılacaq. Pavel Kolobkov çıxışının davamında söyləyib: “Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib. İstər idman infrastrukturu, istərsə də idman yarışlarının təşkili ən yüksək səviyyədə gerçəkləşir. Əminik ki, 2020-ci ildə ilk dəfə Kazanda keçiriləcək MDB ölkələrinin idman yarışları idmansevərlərin yaddaşında uzun müddət həkk olunacaq. Əgər 2022-ci ildə baş tutacaq nöbəti yarış Azərbaycanın payına düşərsə, o zaman da hər şeyin yüksək səviyyədə gerçəkləşəcəyini indidən deyə bilərik. Hal hazırda əsas məqsədlərdən biri MDB ölkələrinin idman yarışlarının keçirilməsində xüsusi komandanın qurulması və tədbirlər planının işlənib hazırlanmasıdır.”

Görüşün sonunda P.Kolobkov A.Rəhimovu 10-11 oktyabr 2019-cu il tarixində Rusiyanın Nijni Novqorod şəhərində gerçəkləşəcək “Rusiya İdman ölkəsi” beynəlxalq idman forumuna dəvət edib.



Azvision.az



Teqlər: AzadRəhimov  





Xəbər lenti