Təhsil naziri gənc müəllimlərlə görüşüb

Təhsil naziri gənc müəllimlərlə görüşüb
  28 Sentyabr 2019    Oxunub:2462
Təhsil naziri Ceyhun Bayramov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.
Təhsil Nazirliyindən Azvision.az -a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və cəmiyyətdə nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı davamlı tədbirlərə diqqət çəkən Təhsil naziri deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.

Müəllim peşəsinə marağın artdığını qeyd edən Ceyhun Bayramovun sözlərinə görə, ümumilikdə son 5 ildə məktəblərin müəllim heyəti keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Müəllimlərin işə qəbulu üzrə əldə olunan nailiyyətlərə toxunan Təhsil naziri qeyd edib ki, cari ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min nəfər olub.

Təhsil naziri deyib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb. Nazir bildirib ki, cari ildə 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.

Müəllimlərin mühüm peşə keyfiyyətlərindən danışan Ceyhun Bayramov onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti