Nazir müavini: Aİ münaqişənin həllində güclü rol oynaya bilər
Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. AzVision.az Trend-ə istinadən xəbər verir ki,bunu Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclasında çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, bu əməkdaşlığın əsas məqsədi ölkənin modernləşdirilməsi üçün Azərbaycana ən yaxşı Avropa strandartlarını və təcrübəsini gətirməkdən ibarətdir.
M.Məmmədquliyev bildirib ki, Azərbaycanın Aİ-yə inteqrasiyasında əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir: "Bu münaqişə təkcə regionun inkişafına mənfi təsir etmir, eləcə də ümumilikdə regiondan kənarda da öz mənfi təsirlərini göstərir".
Nazir müavini qeyd edib ki, əsas siyasi və iqtisadi qurum kimi, Aİ-nin mövqeyi Azərbaycan üçün çox vacibdir: "Biz hesab edirik ki, Aİ bu münaqişənin həllində çox güclü rol oynaya bilər. Bu, təkcə Azərbaycan və Ermənistanın deyil, həmçinin bütün regionunun məsələsidir".