Rəis müavininin işi məhkəməyə çıxarıldı

Rəis müavininin işi məhkəməyə çıxarıldı
  10 Dekabr 2013    Oxunub:884
Kürdəmir Qaz İstismar Sahəsinin vəzifəli şəxsləri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib
Kürdəmir Qaz İstismar Sahəsinin (QİS) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, istintaq zamanı QİS-in rəis müavini Orxan Məmmədovun rayon sakinlərindən həmin müəssisəyə işə düzəldəcəyi adı altında vəd verməklə ümumilikdə 1.760 manat məbləğində pulu almasında, rayon ərazisindən keçən qaz borusunu çıxartmaqla metal tullantısı kimi rayon sakininə 2.000 manata satmasında, həmçinin sahənin rəisi vəzifəsini müvəqqəti icra edərkən rayon sakinləri tərəfindən qazdan istifadə ilə bağlı ödənilən və özü tərəfindən yığılan ümumilikdə 1.430 manat məbləğində pul vəsaitini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq), 178.2.3, 178.2.4, 179.2.2 (mənimsəmə), 179.2.3 və 179.2.4 -cü maddələri ilə ittiham elan edilib.

Bundan başqa, QİS-də şöbə rəisi vəzifəsində işləyən Qabil Qurbanovun öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq abonentlər tərəfindən qazdan istifadə ilə bağlı ödənilən 868 manat məbləğində pul vəsaitini «Azəriqaz» İB ilə aralarında bağlanmış müqaviləyə əsasən «Komitec LTD» MMC-yə ödəməli olduğu halda həmin pulu Orxan Məmmədova verməklə «Azəriqaz» İB-nin qanuni mənafeyinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilib.






Teqlər:  





Xəbər lenti