Cərcis peyğəmbər əslində kimdir – miflər və reallıq

Cərcis peyğəmbər əslində kimdir – miflər və reallıq
  10 Dekabr 2013    Oxunub:14984
Davamı. Əvvəli burada

,,,Latın mətnləri hökmdar Diokletini 72 padşahlığın imperatoru Datsian, (bəziləri fars hökmdarı Dadian), Georqiusu Kappadokiyanın Meliten şəhərindən gəlmiş və ismətli bir dul qadınla yaşayan qərib oğlan kimi təqdim edir. Mətnlər arasındakı fərqlər bununla bitmir.


Burada edam növləri siyahısına dəmir gənələr, çəkiclə döymək, başına ağır daşlar yağdırmaq, üzərinə ərinmiş quğuşun tökmək kimi üsullar da əlavə edilib.
Bu cəzalar zamanı Georgius 3 dəfə ölüb və yenidən dirilib. 4-cü dəfə onu Aleksandra ilə birlikdə edam ediblər. Edam zamanı göydən od ələnərək imperatoru kül edib.

Apokrifik yunan mətnlərindəki digər fərqlərə görə, cəzalar 7 gün yox, 7 il davam edib. Georgiusun möcüzələrindən ruhlanaraq xristianlığı qəbul edənlərin sayı isə 40 900 nəfərə çatıb. XIII əsr müəlliflərindən Reybon fon Turn rəvayəti daha sadə formada təqdim edir: o, Datsianın hökmranlıq etdiyi padşahlıqların sayını 72-dən 7-yə, Georgiusa verilən saysız cəzaları isə 7-yə endirib. Sonda Georgiusun başı kəsilib.

Başqa bir müəllif (Yakov Vorqanlı) Datsıanın imperator yox, Diokletianın yaxın ətrafından olan bir nüfuzlu dövlət adamı, Aleksandranınsa onun arvadı olduğunu yazır.

Apokrifik mətnlər Georgiusun başı kəsildikdən sonra şaqqalandığını, bədən hissələrinin başqalarına dərs olsun deyə, müxtəlif istiqamətlərə göndərildiyini yazır. Beləliklə, bədəninin hər hissəsi bir ölkədə onu sevənlər tərəfindən dəfn edilib.

Onun əsas bədən hissəsi İsrailin Lod (qədimdə Liddə) şəhərində dəfn edilib. Həmin qəbrin üzərində ucaldılan məbəd hal-hazırda Yerusəlim pravoslav kilsəsinə məxsusdur. Georgiusun başı Vatikanın San-Georgio-in-Velabro qəbristanlığında, bədəninin bəzi hissələri Parisin Sent-Şapel məbədində, sağ qolunun dirsəyə qədər hissəsi isə Yunanıstanda, müqəddəs Afon dağındakı Ksenofonta monastırında dəfn edilib.

Georgius və ya Cərcisin əzablı həyatı barədə rəvayətlərin yazılı mətnləri Efiopiya və ərəb dillərində də mövcuddur. Mətnin ərəb dilinə VIII əsrin əvvəllərində tərcümə edildiyi güman edilir. X əsrə aid “Peyğəmbərlər və padşahlar tarıxı” adlı ərəbdilli mənbə Georgiusu (Corcis) İsa peyğəmbərin həvarilərindən birinin şagirdi kimi təqdim edir. Bu mətn də onun bütpərəst Mosul hökmdarının əmri ilə işgəncələrə məruz qoyulduğunu yazır.

Georgiusun şöhrətinin sirləri

Mütəxəssislərin rəyinə görə, Georgiusun belə geniş miqyasda sevilməsinin sirri onun bir çox başqa qədim dini personajlarla eyniləşdirilməsidir. Xristianlığın yayılmağa başladığı, köhnə inancların müqaviməti ilə qarşılaşdığı dövrlərdə şüurlarda yaşayan qədim personajların yenilənməsi prosesi qaçılmaz idi. Georgius bu keçidi reallaşdıran bir həyat hadisəsi ilə o dövrün təbliğatçılarına çox lazım idi.



Onun hadisəsini Dionis, Osiris və Adonis kimi mifik qəhrəmanların, qədim Babilistan xalqlarından olan gildanilərin inancındakı Təmmuzun hadisəsinə məharətlə uyğunlaşdıraraq yayan xristian təbliğatçıları Georgiusa əbədi bir şöhrət bəxş etdilər. Bir çox tədqiqatçılar Georgiusa aid edilən qədim məbədlərin əksəriyyətinin daha əvvəllər Dionisə məxsusluğuna şübhə etmirlər. Bütün bunlar Georgiusun (Cərcisin) qədim Azərbaycana da şəxsən deyil, təbliğatçıların dilində gəldiyini göstərir.

Burada onu doğmalaşdıran isə xalqın sevimli peyğəmbəri Xızır kimi ölməzliyi idi. Vedik mənşəli atəşpərəstliyin geniş yayıldığı bu coğrafiyada Xızırın ölməzliyi, istənilən vaxt zühur edib yeni möcüzələr göstərə bilməsinə şübhə edən yox idi. Adı Vedalarda Devarşi Narada kimi çəkilən Xızır qədim şərqdə təbliğatçı səyyah, ruhi bədəndə olduğu üçün heç zaman ölməyən, istənilən dünyaya sərbəst gedib-gələ bilən Tanrı dostu kimi tanınıb. Beləliklə, Georgiusun məhz yenidən zühur etmiş Xızır olmasına inanc atəşpərəstlər arasında yayılmaya bilməzdi.

Georgiusun dəfələrlə ölüb-dirilməsi haqqında deyilənlər də məhz qədim mifik qəhrəmanların hadisələri əsasında formalaşıb. Bunu əksər tədqiqatçıların qədim mətnlərə verdiyi qiymətlər də göstərir. IV əsr müəllifi Qeysəriyyəli Yevdokinin “Kilsə tarixi” əsərində Nikomediyada xristianlıq əleyhinə fərmana etiraz edən yüksək çinli ordu komandirinin edamından bəhs edilir; “O adam belə əmələ görə verilən bütün cəzalara son nəfəsinədək sakit və aydın zəka ilə dözdü”... Adı çəkilməsə də burada söhbətin Müqəddəs Georgiusdan getdiyinə şübhə etməyən əksər tədqiqatçılar bu əsəri ən mötəbər mənbə kimi qiymətləndirirlər. Burada isə dəfələrlə ölüb-dirilmə faktından söhbət getmir.

Qədim mətnlər Müqəddəs Georgiusun adına bir neçə möcüzədən də bəhs edir. Onlardan ən məşhuru qəhrəmanın 2 qanadı, 4 ayağı olan ilanı (və ya əjdahanı) nizə ilə öldürməsidir. Rəvayətə görə, Beyrutu odlu nəfəsi ilə qurudan bir ilan əhalidən gündə bir gənc qızı qurban kimi tələb edirmiş. Növbə ölkənin padşahının qızına çatır və Georgius ilanı nizə ilə öldürür və qızı xilas edir. Qeyd edək ki, bu əfsanə də daha əvvəllər Dionisin adına danışılıb.

Georgiusun əməllərinin ezoterik izahlarında bu ilanı dinsizlik, şahzadə xanımı isə məbədlə eyniləşdirirlər. Beləliklə, ilanın öldürülməsi və şahzadə xanımın xilası məbədlərin dinsizlik ilanının əlindən xilas edilməsi anlamına gəlir.

Tədqiqatçılar Müqəddəs Georgiusun şəxsiyyəti barədə eyni fikirdə deyillər. Bəziləri bu adda bir neçə şəxsin olduğunu yazır, bəziləri onu 362-ci ildə edam edilmiş İsgəndəriyyə yepiskopu Georgi ilə, bəziləri təqribən həmin dövrlərdə yaşamış Feodorla eyniləşdirirlər.

Bütün bu zidiyyətli fikirlərə baxmayaraq, Müqəddəs Georciusa inam müxtəlif xalqlar arasında çox dərin köklər salıb. Ona aid ikonalar bu gün də xristian məbədlərinin divarlarını bəzəyir. Ona döyüşçülərin, əkinçilərin və çobanların hamisi kimi dualar ünvanlayırlar. Serbiya, Bolqarıstan və Makedoniyada ona dua edərək yağış yağdırmasını istəyirlər. Gürcülər ondan övlad, bol məhsul, uğurlu ov diləyirlər. Qərbi avropalılar hesab edir ki, Müqəddəs Corca (Georgiusa) dua edərək zəhərli ilanlardan və yoluxucu xəstəliklərdən qurtulmaq olar.

Qədim rus torpaqlarında Georgiusu Yuri, Yeqor, Məğlubedilməz Georgi adları ilə yad edirlər. Knyaz Yaroslav onun adını Kiyev və Novqorodda inşa etdirdiyi Yuryev məbədləriylə əbədiləşdirib. Ruslar ildə 2 dəfə yaz (23 aprel) və payız (26 noyabr) Yuryev günlərini xüsusi qeyd edirlər.

Osetinlər Georgisi Uasgergi və ya Uastırci (uas - müqəddəs deməkdir) adlandırır, kişilərin himayədarı sayırlar. Gürcüstanda Müqəddəs Georgi ölkənin səmavi hamisi kimi xüsusi ehtirama malikdir. Bu ölkədə Georginin adını daşıyan ilk məbəd 335-ci ilə aid edilib. Çariça Tamaranın dövründən bəri ölkənin bayraqlarında Georgi xaçı öz əksini tapmaqdadır. Həmin xaçı bu gün Gürcüstandan başqa Birləşmiş Krallıqların, ABŞ-ın və Milanın da bayraqlarında görmək olar.



Istambulun Fənər məhəlləsində yerləşən Dünya Patriarxının Baş Məbədi və Mərmərə dənizində, Böyükada adasındakı qədim məbəd də Georgiusun (Cərcisin) adı ilə bağlıdır. Nizə ilə əjdahanı öıdürən Georginin şəkli III İvanın möhüründə (XVI əsr), 1730-cu ildən bəri Moskva şəhərinin, günümüzdə Rusiya Federasiyasının və Gürcüstanın gerblərində əks olunub.

Tartu (əvvəllər Yuryev), Belaya Tserkov (əvvəllər Yuryev-Russkiy), Yuryev-Polskiy, Yuryev-Povolskiy şəhərlərinin əsası Müqəddəs Georginin şərəfinə qoyulub.

Biz Georgius və ya Cərcis peyğəmbərin adını əbədiləşdirən nümunələrin hamısını sadalamadıq. Zənnimizcə, onun haqqında həqiqəti bilmək üçün bu yazıya topladığımız məlumatlar da kifayət edər.

Cəmşid Bəxtiyar
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti