“Prezident bir çox ünvanlara ciddi mesajlar göndərdi” - Əli Əhmədov

 “Prezident bir çox ünvanlara ciddi mesajlar göndərdi” -    Əli Əhmədov
  10 Oktyabr 2019    Oxunub:2726
Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır"

Azvision.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov vurğulayıb ki, ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvanlara çox ciddi mesajlar göndərib: "Bunun birincisi Ermənistan cəmiyyəti, rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərlərinə götürüblər. Bu ünvanlardan digəri Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda, bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülmüşdür. Hesab edirəm ki, münaqişə nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" ideyası olmalıdır".

Münaqişənin həlli ilə bağlı hazırkı duruma münasibət bildirən YAP sədrinin müavini qeyd edib ki, danışıqlar prosesində iştirak edən tərəflər bəllidir: "Bu tərəflərdən biri Ermənistandır. Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesinin normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidir".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti