Məhsəti Gəncəvi Fransada anıldı - FOTOLAR

Məhsəti Gəncəvi Fransada anıldı - FOTOLAR
  11 Dekabr 2013    Oxunub:2256
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə dekabrın 10-da Miluzda müsəlman intibahının parlaq nümayəndəsi, ilk Azərbaycan şairəsi və qadın şahmatçısı Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib.
Miluzun Tanpl San-Etyen kilsəsində təşkil olunan konsertin aparıcısı Alen Tremoliyer Qafqazın mirvarisi olan Azərbaycanın Cənubi Qafqazda qədim İpək yolunun üstündə, Şərqlə Qərb arasındakı strateji qovşaqda yerləşdiyini, bəşəriyyətin beşiklərindən biri kimi dəyərləndirilən zərdüştlüyün vətəni olduğunu xatırlatdıb.

Azərbaycanın dünya ədəbiyyatına və musiqisinə dahilər bəxş etdiyini diqqətə çatdıran aparıcı Şərq aləmində ilk demokratik respublikanın da ölkəmizdə qurulduğunu, 1918-ci ildə qadınlara seçki hüququnun verildiyini, müsəlman dünyasında ilk dünyəvi teatrın, operanın, baletin və milli akademiyanın yarandığını, yeraltı sərvətlərlə yanaşı, tarixi və mədəni irslə zəngin olduğunu xüsusi vurğulayıb.

Bildirilib ki, Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin özünəməxsus tarixi kökləri vardır. Böyük fransız yazıçısı Aleksandr Dümanın (Ata) XlX əsrin ikinci yarısında Azərbaycana səyahəti, Jorj Sandın məşhur “Koroğlu” epik poemasını fransız dilinə tərcümə etdiyi, XX əsrin əvvəllərində Parisdə “Qafqaz” məcmuəsinin çap olunması, azərbaycanlı yazıçı Ümbülbanu Əsədullayevanın Fransada yaşayıb yaratması və nəhayət Fransanın ictimai-siyasi həyatında mühüm rol oynayan Prezident Şarl de Qolla Əhmədiyyə Cəbrayılovun görüşü xalqlarımız arasındakı dostluğun parlaq nümunəsidir.

Tarixən yaranan dostluq əlaqələri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün də davam edir və möhkəmlənir. Azərbaycanın fransızlara daha yaxından tanıdılması istiqamətində Fondun Fransada keçirdiyi mədəni tədbirlər təqdirəlayiq hadisədir.

Keçən ay Reymsdə, bu gün isə Miluzda Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə təşkil olunan sərgi və konsert Fondun Fransada həyata keçirdiyi mədəni tədbirlərin davamıdır.

Daha sonra aparıcı Məhsəti Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə yaşayıb yaratdığını, Qafqazda ilk dəfə olaraq Gəncənin 2016-cı ildə “Avropanın gənclər paytaxtı” seçildiyini bildirib.

Tədbirdə çıxış edən Yuxarı-Alzas Universitetinin ədəbiyyat fakültəsinin dekanı xanım Greta-Komur-Thilloy Məhsəti Gəncəvi yaradıcılığının əsas məziyyətlərindən danışmış, azərbaycanlı şairənin əsərlərində bəşəri ideyalardan söhbət açdığını diqqətə çatdırıb.

“Xocalı-613” əsərinin bəstəkarı Pyer Tilua çıxışında Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu vurğulamış, xalqımıza məxsus ayrı-ayrı musiqi alətləri barədə tamaşaçılara məlumat verib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Miluzda təşkil olunan konsert və sərginin dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunduğunu diqqətə çatdırıb, Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə Fransanın müxtəlif regionlarında, o cümlədən Miluzda mədəni tədbirlərin keçirildiyini və bu konsert və sərginin 2013-cü ildə nəzərdə tutulmuş tədbirlərin biri olduğunu bildirib.

Sonra incəsənət ustalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri, Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar və xalq yaradıcılığı nümunələri səslənib.

Səfir Elçin Əmirbəyov Məhsəti Gəncəvinin Şərq İntibahının böyük mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanı ikinci böyük şəhəri Gəncədə doğulduğunu və bu şəhərdə yaşayıb yaratdığını, Gəncənin dünya mədəniyyətinə Nizami Gəncəvi kimi ikinci dühanın bəxş etdiyini xatırlatmış, şairənin öz fikirlərini açıq şəkildə bildirən şərq qadınlarından biri olduğunu, yaşadığı cəmiyyətdə qadın problemini və rolunu ortaya qoyduğunu, yaradıcılığının əsas qayəsini bərabərlik, qardaşlıq və azadlıq kimi bəşəri ideyalar təşkil etdiyini vurğulyıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi ilə bağlı sərəncam imzaladığını diqqətə çatdıran səfir UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tərəfindən şairəni dünya ictimaiyyətinə yaxından tanıtmaq məqsədilə onun fars və ərəb dillərində yazdığı əsərlərin xarici dillərdə nəşr etdirməsindən bəhs edib.

Sərgi dekabrın 20-dək davam edəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti