Onlar “Xalq artisti” oldular - FOTOLAR

   Onlar “Xalq artisti” oldular -    FOTOLAR
  30 Oktyabr 2019    Oxunub:15640
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Abdullayev Kyazım Ənvər oğlu və Nurzadə Əli Qayıb oğlu “Xalq artisti” fəxri adına layiq görülüblər.
Azvision.az -ın məlumatına görə, “Xalq artisti” adı verilən Kyazım Ənvər oğlu Abdullayev 1953-cü ilin aprel ayının 6-da Bakı şəhərində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsini bitirib.



2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən K, Abdullayev bir sıra tamaşalarda rol alıb.



Aktyorun "Azdrama"dakı rolları: Hacı Bəxşəli («Ölülər», C.Məmmədquluzadə), Aleksas («Misir gecələri», N.Hikmət, U.Şekspir, M.S.Ordubadi), Şəmistan Ağa («Ölüləri qəbristanlıqda basdırın», İ.Şıxlı), Fətulla bəy və Murtuza Muxtarov («Mesenat», Ə.Əmirli), Nostradamus ( «Hələ “sevirəm” deməmişdilər…» R.Novruz), İkinci Rəşad («İkinci səs», B.Vahabzadə), Sultanəli («Dirilən adam», Mir Cəlal), Əkbər («Eloğlu», A.Şaiq), İbrahim xan («Hökümdar və qızı», İ.Əfəndiyev), Əzrayıl ( “Alın yazısı ”, T.Minnullin) , Knyaz ( “Xurşidbanu Natəvan”, İ. Əfəndiyev), Pənahi ( “Füzuli və Əsmər”, M.M.Seyidzadə), Kişi (“Uçqun ”, T.Cücenoğlu), Rauf ( “Şeyda”, H. Cavid) , Polis briqadiri (“Vinçenso de Pretore yaxud oğru cənnətdə”, Eduardo de Flippo).



Səhnə təxəllüsü "Nur" olan Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 1948-ci ilin yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun aktyorluq fakültəsini bitirib.



Aktyor Akademik Milli Dram Teatrının səhnəsində bir sıra tamaşalarda rol alıb. Həmçinin Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Cəfər Cabbarlının «Mənsur və Sitarə» (Mənsur), Füzuli Sərkərovun «Xatirələrdən gəlmiş qonaq» (Mənsur), Nikolay Qoqolun «Novellalar» (Qoqol), Əhməd İsayevin «Torpağın da canı var» (Mahmud), Əkrəm Əylislinin «Ürək yaman şeydir» (Əjdər), İlyas Əfəndiyevin «Qaçaq Süleyman» (Qaçaq Süleyman), Hüseynbala Mirələmovun «Güllələnmiş heykəllər» (Mirmöhsün Nəvvab) əsərlərin tamaşalarında oynayıb. «Doğan günəş» (General), «Məhəbbətim, taleyim mənim» (Rahib) telefılmlərinə çəkilib.

Əli Nur Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.





Azvision.az


Teqlər: Xalq-artisti  





Xəbər lenti