Mitinq cəhdi-2: Siyasi serial kimin üçün çəkilir? – TƏHLİL

      Mitinq cəhdi-2:    Siyasi serial kimin üçün çəkilir? –    TƏHLİL
  31 Oktyabr 2019    Oxunub:8170
“Axmaqlıq – Hər dəfə eyni şeyləri edərək, fərqli nəticələr gözləməkdir”. Gəlin, Eynşteynin bu fikrini radikalların mitinq cəhdinə tətbiq etməyə çalışaq. Aydın məsələdir ki, heç bir şərt dəyişməyibsə, eyni cəhdi bir dəfə də təkrarlamaqla, keçən dəfəkindən fərqli nəticə almaq mümkün olmayacaq. Elə isə, Əli Kərimli bunu niyə edir? İki variant var.
Birinci variant: O, əgər bu dəfə hansısa fərqli nəticə əldə olunacağına inanırsa, dahi Eynşteynin dediyi kimi, axmaqdır.
İkinci variant: Kərimli bir o qədər də axmaq deyil və əla bilir ki, bu dəfə də əvvəlkindən fərqli nəticə alınmayacaq. Nəinki bu dəfə, lap min dəfə cəhd edilsə belə, nəticə fərqli olmayacaq. Biz bu variantı daha inandırıcı sayırıq, amma o halda bir suala da cavab vermək lazım gəlir: Elə isə, fərqli nəticənin olmayacağını bilə-bilə Kərimli niyə eyni palçıqda ikinci dəfə batmaq istəyir ki?

Bütün bu ssenarinin ən maraqlı məqamı da elə bu sualda gizlənib. Çünki Kərimliyə lazım olan məhz keçən dəfəki effekt idi: İcazəsiz mitinqə cəhd edilsin, ölkənin daxilində hökuməti və polisi, xaricində isə dövləti pisləmək arzusunda olanlara bəhanələr verilsin! Bütün oyun əvvəldən məhz bu nəticəyə hesablanaraq qurulmuşdu və etiraf etməliyik ki, Kərimlinin sifarişçiləri istədiklərinə müəyyən qədər nail olmuşdular. Amma azdır – davamı gəlməlidir.

İkinci mitinq sikvel inersiyası ilə təşkil edilir. Sikveldə əsas prinsip nədir? Prodüserlər filmin bazara yaxşı girdiyini görəndə, rejissora deyirlər: “Okey, bizə eyni şeydən daha çox ver, effektlərini də bol elə, al, bu da haqqı!” Birinci mitinq siyasət bazarına girərək, Azərbaycanı pisləmək üçün çoxdandır ki, məqam gözləyən qüvvələrə müəyyən bəhanələr verdi, amma bu, istənildiyi qədər deyildi. Verilən material Azərbaycanı uzunmüddətli və sürəkli tənqid etmək üçün kifayət etməzdi. Ona görə də, prodüserlər sikvel sifariş etdilər.

Bəs indiki məqamda Azərbaycanı uzunmüddətli və sürəkli tənqid etmək ehtiyacı nədən yaranıb? İlk mitinq cəhdini şərh edərkən səbəblərdən birini göstərmişdik: Azərbaycan prezidentinin Soçidə və Aşqabadda ermənilərə endirdiyi iki diplomatik zərbədən sonra beynəlxalq erməni mərkəzlərinə əks-hücuma keçmək üçün “arqument” lazım idi. Kərimli bunu təmin etdi. İndi isə Konqressdə qondarma “erməni soyqırımı” ilə bağlı layihənin qəbulundan sonra Azərbaycanın və Türkiyənin gözlənilən etirazlarını susdurmaq üçün hər iki ölkəyə qarşı ideoloji hücuma hazırlıq gedir. Belə bir vəziyyətdə Azərbaycanda polis “vəhşiliyinə” dair kadrların dünya mediasını “bəzəməsi” erməni ideoloqları üçün əla arqument olardı. Bizim hər bir haqlı etirazımızın qarşılığında Azərbaycanın “antidemokratik” dövlət olduğu, “insan haqlarını pozduğu”, “polisin mitinqçiləri döydüyü” haqqında bir yığın quraşdırılma nağıllar ortaya qoyulacaq. Belə bir məqamda Azərbaycanın səsini batırmaq üçün əla taktikadır!

Artıq Nümayəndələr Palatasında Türkiyəyə qarşı sanksiyalar məsələsi müzakirəyə çıxarılıb. Yəqin, qardaş dövlətin ağzını o yolla, bizim ağzımızı isə bu variantla bağlamağa çalışacaqlar. Bir məsələni anlamaq lazımdır ki, ermənilər həmişə belə işləyirlər: Öz maraqlarını böyük dövlətlərin maraqları ilə uzlaşdırılmış şəkildə, hətta onların fonunda yeritməyə çalışırlar. Və siyasətdə heç nə təsadüfi olmur: Hər şey hesablanmış vaxtda baş verir.


Yaxşı, bir halda ki, belədir, onda bəlkə rəsmi Bakı ermənilərin beynəlxalq təbliğat maşınına hədiyyə verməmək üçün çalışsın? Məsələn, polis mitinq günü heç kimə dəyib-toxunmasın?! Belə düşünmək üçün siyasətdən heç başı çıxmayan bir sadəlövh şəxs olmaq lazımdır. Bir şeyi bilməliyik ki, belə hallarda ideoloji hücum üçün bəhanələr verilmir, alınır. Polis əgər əlində gitara ilə mitinqçilərin qarşısını kəsib, serenada oxusa belə, xarici medianın yaydığı videolarda Azərbaycan polisinin “şübhəli simləri olan naməlum soyuq silahla müxalifətə qarşı qəribə səslər çıxararaq, amansız vəhşilik törətməsi” haqqında videolar yayımlanacaq. Mütləq kimsə bir təxribat törədəcək, asayiş keşikçilərinin məcburi sərt reaksiyası isə müxtəlif rakurslardan çəkilib, “Bakıda polis vəhşiliyi” adı altında bütün dünyada tirajlanacaq. Nə olursa-olsun, sifariş yerinə yetirilməlidir. Və bu zaman əslində nəyin olması heç kimə maraqlı deyil.

Belə bir vəziyyətdə Azərbaycan polsinin işi doğrudan da, çətindir. O, həm asayişi qorumalı, həm də ölkəmizə qarşı ideoloji həmlə hazırlayan mərkəzlərin işini maksimum çətinləşdirmək üçün son dərəcə diqqətlə, eyni zamanda, qətiyyətlə işləməlidir. Hər bir vətəndaş bu çətin durumda polisimizə dəstək olmalı, onunla həmrəylik nümayişi ortaya qoymalıdır.

...Bütün bunlar hələ də sizə inandırıcı görünmür və mübahisə etmək istəyirsiniz? Yaxşı. Onda bu dəfə siz birinci aksiya cəhdinin necə keçdiyini yada salaraq, suala cavab verin: Eyni şeyi təkrarlamaqla Əli Kərimli nəyə nail olmaq istəyir?! Ümumiyyətlə, o cür aksiyalarla nəyə nail olmaq mümkündür ki?! Ölkəni “vurmaq” istəyənlərə arqument verməkdən başqa...

Vüsal Məmmədov

Azvision.az



Teqlər: ƏliKərimli   Mitinq  





Xəbər lenti