Davudoğlu İrəvandan niyə əliboş qayıtdı?

Davudoğlu İrəvandan niyə əliboş qayıtdı?
  13 Dekabr 2013    Oxunub:1118
“Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrəvan səfəri zamanı gətirdiyi təklifləri Ermənistan rəhbərliyinə qəbul etdirə bilmədi. Əksinə erməni tərəfi Davudoğluna “Yol xəritəsi”ni təqdim etdi”.
Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Qabil Hüseynli Əhməd Davudoğlunun Ermənistan səfərini şərh edərkən deyib.

Politoloq hesab edir ki, Davudoğlunun səfəri zamanı İrəvanla ortaq məxrəcə gəlmək mümkün olmayıb:

“Əhməd Davudoğlu Ermənistan səfəri zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı görüşündə iştirak edirdi. O bu səfər zamanı Ermənistanın xarici işlər naziri Eduard Balbandyanla görüş keçirdi. Nazirlərin görüşündən sonra heç bir açıqlama olmadı. Bu da onu göstərir ki, Davudoğlu özünün gətirdiyi təklifləri Ermənistan tərəfinə qəbul etdirə bilmədi. Yəni, iki rayon və bununla bağlı sərhəddlərin açıqlması məsələsində ortaq məxrəcə gəlmək mümkün olmadı. Əksinə erməni tərəfi Davudoğluna “Yol xəritəsi” təqdim etdi. Orada Türkiyədən qondarma erməni soyqırımını tanımaq tələb olunur”.

Q.Hüseynli hesab edir ki, bütün bunlar Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe sərgilədiyini göstərir:

“Ermənistan sərhədlərin açılması ilə bağlı məsələlərdə həm Türkiyəni çətin vəziyyətə salmaq, həm də Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyirlər. Bundan başqa sərhədlərin açılmasında nəinki güzəştə getmirlər, əksinə yeni şeylər tələb etmək fikrindədirlər. Bu səbəbdən də səfərin nəticələrini uğursuz hesab etmək olar”-deyə politoloq Davudoğlunun İrəvan səfərini şərh edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti