Trampın impiçmenti ilə bağlı ictimai dinləmələr başlayır
Azvision.az xəbər verir ki, bu barədə “Fox News”a müsahibəsində Konqresin aşağı palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü Cim Hayms məlumat verib.
ABŞ Konqresinin Nümayəndələr Palatası daha əvvəl Demokratlar Partiyası tərəfindən başlanmış Prezident Donald Trampın impiçment proseduru çərçivəsində ilk səsvermə keçirib.
Konqresin aşağı palatası Prezident Donald Trampın impiçmenti məsələsi üzrə demokratların başladığı təhqiqat prosedurunu rəsmi dəstəkləyən qətnaməni bəyənib. Bu təhqiqatlar Nümayəndələr Palatasının ümumilikdə altı komitəsində aparılır.
Qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib. Sənədin qəbulu üçün 218 nəfərin səs çoxluğu tələb olunurdu.
Qeyd edək ki, impiçment məsələsinin qaldırılmasına səbəb ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı telefon danışığının mətninin yayılması olub. Telefon danışığı iyul ayının 25-də baş tutub. Bundan sonra demokratlar bildiriblər ki, Tramp telefon danışığı zamanı Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat Partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib.
İmpiçmentdə ABŞ Prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: