“Azərbaycanlılar səbəbsiz yerə deportasiya olunur”- SƏFİR

“Azərbaycanlılar səbəbsiz yerə deportasiya olunur”- SƏFİR
  13 Dekabr 2013    Oxunub:1270
Ötən gün Moskvada Rusiya Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının on birinci iclası keçirilib.

AzVision.az-ın verdiyi məlumata görə, iclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. İclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev də iştirak ediblər.

Rusiya Federasiya Şurası sədrinin müavini, komissiyanın Rusiya tərəfindən yeni seçilmiş həmsədri İlyas Umaxanov, komissiyanın 10-cu iclasından ötən bir il ərzində Azərbaycanda olduqca önəmli hadisələrin baş verdiyini, prezident seçkilərinin keçirildiyini söyləyib. İ.Umaxanov komissiya üzvləri adından Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib

İclasda azərbaycanlıların Rusiyada üzləşdiyi poblemlərdən danışılıb. Rusiya Federal Miqrasiya Xidməti rəhbərinin birinci müavini Yekaterina Yeqorova Rusiyada miqrasiya qanunvericiliyi sahəsində həyata keçirilən yeniliklərdən danışaraq, əmək miqrasiyası ilə bağlı statistik məlumatları səsləndirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan vətəndaşlarının sərhəd keçid məntəqələrində üzləşdikləri problemlərdən danışıb. O, bildirib ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin, yaxud ailə üzvlərindən birinin keçid məntəqələrində səbəbi aydınlaşdırılmadan saxlanması və ya deportasiya olunması hallarına rast gəlinir: “Bundan başqa, Azərbaycan vətəndaşlığından çıxma və Rusiya vətəndaşlığını qəbul etmə proseslərində də uyğunsuzluqlar var”-deyə, P.Bülbüloğlu əlavə edib.

Səfir bildirib ki, iki ölkənin miqrasiya xidmətləri bu istiqamətdə daha sıx əməkdaşlıq etməlidirlər.

Komissiya üzvləri miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə işlərinin təşkili sahəsində fəaliyyət planının hazırlanmasını qərara alıblar. İclasda iqtisadi, humanitar və sosial sahələrdə qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədi ilə iki ölkənin vergi, gömrük və miqrasiya qanunvericiliklərinin uyğunlaşdırılması, beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələrin möhkəmləndirilməsi və digər məsələlər müzakirə olunub. Sonda İlyas Umaxanov Federasiya Şurasının 20 illik yubileyi medalını Milli Məclis sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərova təqdim edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti