Aqiyə Naxçıvanlının direktoru işdən qovuldu

Aqiyə Naxçıvanlının direktoru işdən qovuldu
  13 Dekabr 2013    Oxunub:1404
Təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib.

Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib.

“Son aylar ərzində Təhsil Nazirliyinə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialı tərəfindən hüquqi əsası olmadan diplomların verilməsi barədə çoxlu sayda məlumat daxil olub.

Bəzi hallarda vətəndaşlar həqiqətən həmin təhsil müəssisəsində dərslərə gəlib, imtahan sessiyalarında iştirak etmiş və dövlət imtahanı verərək diplom alıblar. Eyni zamanda, Kəlbəcər rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərin bir hissəsinin təhsil sənədlərinin yoxlanılması zamanı AMİ-nin Gəncə filialı tərəfindən verilmiş dövlət nümunəli olmayan diplomlar aşkar edilib.

Qeyd olunan faktların ciddiliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 noyabr 2013-cü il tarixli 899 nömrəli əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının tədris və maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılıb.

Yoxlama nəticəsində filialda ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.

Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə,təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib.

AMİ-nin Gəncə filialının fəaliyyətində aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanan materiallar Respublika Baş Prokurorluğuna göndərilib”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti