ABŞ-dan Qarabağla bağlı Bakı və İrəvana təklif
Səfirin sözlərinə görə, bir il əvvəl Daimi Şurada görüşdən sonra xeyli dəyişiklik olub. Diplomat son aylar təmas xəttində baş verən itkilərdən narahatlığını ifadə edib: "Bu itkilərin davam edən münaqişənin insan həyatına başa gəldiyini göstərir, gərginliyi artırır, tərəflər arasında inamsızlığı, düşmənçiliyi dərinləşdirir və davamlı bir həll yolu üçün perspektivləri azaldır.
Eyni zamanda, Ermənistan və Azərbaycan liderləri və xarici işlər nazirləri arasındakı konstruktiv yüksək səviyyəli təmaslar bizi ruhlandırır. Gəlin, qeyd edək: bu salonda son görüşümüzdən sonra Vyanada Prezident İlham Əliyev və baş nazir Paşinyanı bir araya gətirdiniz. Daimi Şuraya təqdim etdiyiniz son hesabatınızdan bəri, xarici işlər nazirlərinin Milan, Paris, Moskva, Vaşinqton və BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində beş görüşünü təşkil etdiniz. Bu əlaqə səviyyəsi birbaşa və müsbət divident yarada bilər.
Tərəfləri bu il ərzində əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün konkret humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gəlməyə çağırırıq. 28 iyun tarixində saxlanılan şəxslərin eyni vaxtda azad edilməsini də alqışlayırıq. Hələlik isə bu məsələlərdə razılaşma kifayət deyil".
Ceyms Gilmor tərəfləri bu razılaşmaları konkret hərəkətlərə çevirməyə çağırıb: "Tərəflərin öz xalqlarını barışa hazırlamalarının, qarşılıqlı ittiham və günahlandırmadan çəkinməyin vaxtı çatıb. Birləşmiş Ştatlar təhlükəsizlik vəziyyətini sabitləşdirə biləcək və danışıqlar üçün daha konstruktiv mühit yaradacaq etimad tədbirlərini və ermənilərlə azərbaycanlılar arasında artan dialoqu dəstəkləyir. Dialoqda iştirak edənlər öz ölkələrinə qayıtdıqda təqib və cəzalandırma qorxusu olmadan bunu sərbəst şəkildə etməlidirlər".
ABŞ diplomatı əlavə edib ki, münaqişənin hərbi yolla həlli ola bilməz və status-kvo qəbuledilməzdir: “Birləşmiş Ştatlar, iştirakçı dövlətlərin bölüşdüyü Helsinki Yekun Aktında əks olunduğu kimi, güc tətbiq etməmək və ya hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanan davamlı və dinc həll yolu tapması üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir”.
Pərvanə Sultanova
Azvision.az