Koka istehsalçıları Moralesin qayıtmasını tələb edir

Koka istehsalçıları Moralesin qayıtmasını tələb edir
  13 Noyabr 2019    Oxunub:2029
Boliviyanın Çapare əyalətində koka istehsalçıları birlikləri prezident postundan istefa verərək Meksikadan sığınacaq alan Evo Moralesin qayıtmasını tələb edirlər.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar prezidentlik səlahiyyətlərini icra edən müxalif senator Janin Anesi tanımadıqlarını bildiriblər.

Anes dünən bəyan edib ki, ölkə rəhbərinin istefasından sonra prezidentin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək. Konstitusiya Məhkəməsi hakimiyyətin ona verilməsinin qanuniliyini təsdiqləyib.

"Biz ölkəmizdəki dövlət çevrilişinə qarşı milli səfərbərlik elan edirik. Xanım Anesin prezidentlik vəzifəsini müvəqqəti olaraq icra etməsini rədd edirik və bütün ictimai təşkilatları birləşməyə çağırırıq”, - deyə altı koka istehsalçıları federasiyasının vitse-prezidenti Androniko Rodriqes vurğulayıb.

Onun bəyanatı Anes vəzifəyə başladıqdan sonra “Kausachun Coca” birliyinin radiosunda səsləndirilib.

Qeyd edək ki, bu il 20 oktyabr tarixində keçirilən seçkilərdə Morales ilk turda qalib gəlib, ancaq əsas rəqibi Karlos Mesa səsvermənin nəticələrini tanımayıb. Bazar günü Boliviya Silahlı Qüvvələri Moralesi ölkədə sabitliyin təmin edilməsi üçün istefaya çağırıb. Bundan sonra Morales istefa verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boliviya   Koka   Morales  





Xəbər lenti