Ərdoğan və Tramp Ağ Evdə nələrdən danışdı? - Görüşün detalları (VİDEO)

Ərdoğan və Tramp Ağ Evdə nələrdən danışdı? -  Görüşün detalları (VİDEO)
  14 Noyabr 2019    Oxunub:5259
“Biz Türkiyə-Amerika əlaqələrinin güclü və sağlam bir zəmində möhkəmləndirilməsi və əməkdaşlığımızın dərinləşdirilməsi mövzusunda həmfikirik”.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evdə amerikalı həmkarı Donald Trampla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, dərin müttəfiqlik ittifaqımıza uyğun olaraq münasibətlərimizdə yeni bir səhifə açmaqda qərarlıyıq.

“Tramp və mən milli təhlükəsizliyimizi təhdid edən terror təşkilatları ilə mübarizə mövzusunda qarşılıqlı iradəmizi təsdiq etdik. İŞİD-lə ortaq mübarizəmizin davam etdirilməsinin vacibliyini vurğuladıq. Hazırda ölkəmizdə 2 min 200-ə yaxın İŞİD-çi var", - deyə Ərdoğan bildirib.



Türkiyənin 9 oktyabrda başlatdığı “Barış pınarı” hərəkatının terrorla mübarizədə yeni və əhəmiyyətli bir addım olduğunu vurğulayan Ərdoğan əlavə edib ki, Ankara bu əməliyyatla PKK / YPG-nin Suriyadakı separatçı gündəminə ağır zərbə vurub.

Prezident Ərdoğan terror təşkilatı PKK / YPG-nin türk əsgərlərini və mülki şəxsləri hədəf alan təxribat hücumları təşkil etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə İŞİD-lə üz-üzə mübarizə aparan, şəhidlər verən tək NATO müttəfiqidir:

“Bu günə qədər 7 min 680 əcnəbi terrorçunu ölkələrinə geri göndərdik . İŞİD-lə əlaqəli ola biləcək təxminən 77 min adamın ölkəmizə girişinə qadağa qoyduq. Hazırda həbsxanalarımızda 40 fərqli ölkə vətəndaşı, 1216 İŞİD-çi var. PKK / YPG-nin əlindəki düşərgələrdən qaçaraq Türkiyənin nəzarətindəki bölgəyə keçənlərin aralarında qadınların və uşaqların da olduğu 287 insan var”.

Ərdoğan görüşdə FETÖ ilə bağlı məsələnin də müzakirə edildiyini, Ankaranın bu terror təşkilatının ABŞ-da mövcudluğuna son qoyulması tələbini bir daha səsləndirdiyini vurğulayıb.

Türkiyə lideri Tramp ilə ən qısa müddətdə 100 milyard dollarlıq ticarət dövriyyəsi ilə bağlı hədəfə necə çata biləcəklərinə dair fikir mübadiləsi apardıqlarını söyləyib. Həmçinin müdafiə sənayesindəki münasibətlər gündəmdə olub.

"S-400 sistemi və F-35 proqramı başda olmaqla bu sahədəki digər məsələləri müzakirə etdik və qarşılaşdığımız problemlərin öhdəsindən ancaq dialoqla gələ biləcəyimizi vurğuladıq".

Bundan əlavə, Ərdoğan kürdlərlə bağlı da məsələyə toxunub: "Kürdlərlə heç bir problemimiz yoxdur. Problemimiz terror təşkilatları ilə əlaqədardır. Kürdlərin içindən çıxan terrorçular. Bunlar kimlərdir? PKK-nın uzantısı olan YPG / PYD.

Şimali İraqdakı kürd qardaşlarımızla yaxşı münasibətlərimiz olduğu kimi, Suriyanın şimalındakı kürd qardaşlarımızla da problemimiz yoxdur. Əsəd Suriyanın şimalındakı kürdləri qəbul etmədikdə, ona demişdim: "Səhv edirsən, pasportlarını ver". Bu mövqeyim var. Türkiyə parlamentində kürd millət vəkilləri də fəaliyyət göstərirlər. Bizim kürdlərlə problemimiz yoxdur. Problemimiz terrorçularladır. Bizim mübarizəmiz, dediyim kimi, yalnız terrorçularladır. Çünki terrorçunun irqi, milləti, dini, vətəni yoxdur. Terrorçu terrorçudur. Mübarizə aparmasan, sabah əvəzini çox ağır ödəməli olacaqsan".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Tramp   ABŞ   Ağ-Ev   Görüş  





Xəbər lenti